Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) I vitse prezidenti Renato Arena, eləcə də Türkiyə Voleybol Federasiyası və CEV-in vitse-prezidenti Özkan Mutlugilin Bakıya səfəri başlanır.
"Report"un məlumatına görə, 4 gün davam edəcək səfərin əsas məqsədi Azərbaycanda və Gürcüstanda keçiriləcək 2017-ci il Avropa çempionatının final mərhələsi üçün aparılan hazırlıq işləri ilə tanışlıqdan ibarətdir. Artıq Azərbaycan Voleybol Federasiyası (AVF) özünün Təşkilat Komitəsini yaradıb və görüləcək işlərlə bağlı bir neçə iclas keçirib. Çempionatın loqosunun yaradılması üçün AVF tender keçirməyi nəzərdə tutub. Tenderin qalibi milli federasiya tərəfindən mükafatlandırılacaq.
Qeyd edək ki, qadınlar arasında Avropa çempionatının final mərhələsi 2017-ci ilin sentyabr-oktyabr aylarında baş tutacaq. Bir qrupun oyunları Gürcüstanda, 3 qrup və bir final oyunu Azərbaycanda keçiriləcək.