"Bakıda keçiriləcək Avropa çempionatında iştirakçı komandalar müəyyənləşib".
"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilmiş çövkən milli atüstü oyunu üzrə “Şuşa Kuboku”nun final görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu yarışa 6 gün idi ki, start verilib: "Bu il Şuşa ilə bağlı ölkəmizdə bir sıra tədbirlər keçirilir. Bu tədbirlərdən biri də bizim keçirdiyimiz "Şuşa Kuboku" turniri idi. Yarış 6 klubun iştirakı ilə keçirilirdi. Komandalar iki qrupa bölünmüşdü. Hər qrupdan iki komanda yarımfinala vəsiqə qazanırdı. Dünən yeni yaradılmış "Sərhədçi Dilbaz" komandası "Köhlən"ə 5:0 qalib gəlməklə bürünc medalların sahibi oldu. Bu gün isə final oyunu baş tutdu. Gərgin final oyunu izlədik. Səhv etmirəmsə, "Polad" komandası 6-cı dəfə final oynayırdı, əvvəllər qalib ola bilməmişdi. Nəhayət, onlar bu gün "Buta" komandasına 2:1 qalib gəlməklə bu turnirin qızıl medallarını qazandılar.
Ümumiyyətlə, çövkən oyunu ARAF üçün prioritet məsələlərdən biridir. Çünki 2 il əvvəl ARAF yalnız milli cins atlarının istifadə olunmasına qərar verdi. O atların milli cinsə mənsub olması xüsusi DNT təhlilləri əsasında həyata keçirilib".
B.Nəbiyev bildirib ki, ilin sonunda ənənəvi olaraq "Prezident Kuboku" turniri yenə keçiriləcək: "İlin sonunda artıq ənənəyə çevrilmiş bir yarışımız var. Yenə çövkən milli atüstü oyunu üzrə "Prezident Kuboku" keçiriləcək. Bu yarışı hansı tarixdə başlamağımızdan asılı olmayaraq, cənab Prezidentin ad günü – 24 dekabrda final oyununu təşkil edirik. Bu il də həmin ənənəyə sadiq qalacağıq. Artıq komandalar həmin yarışlara hazırlıqlara başlayıblar. Həmin turniri 8-dən çox komandanın iştirakı ilə keçirməyi planlaşdırırıq".
Daha sonra federasiya rəsmisi Bakıda baş tutacaq arena polo üzrə Avropa çempionatından danışıb: "Bu idmançıların bir çoxu, belə desək, atçılıqda çövkənin davamçısı olan poloda da çıxış edirlər. 12-18 sentyabr tarixlərində arena polo üzrə Avropa çempionatı Binə Atçılıq Mərkəzində keçiriləcək. Artıq komandalar da təsnifat mərhələsindən keçərək müəyyənləşib. Bu yarışda 4 komanda iştirak edəcək. Azərbaycandan başqa, Avstriya, İsveçrə və İspaniya millilərinin iştirakını görəcəyik. Kifayət qədər güclü komandalardır. Mən bütün komandalara uğurlar arzulayıram".