Azarkeşlər Milli Gimnastika Arenasında möhtəşəm ab-havaya şahidlik edirlər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi Bakıda ilk dəfə keçirilən yarışla bağlı bunları söyləyib.
"Bir neçə dəqiqə öncə Bakıda "TeamGym" üzrə XV Avropa çempionatına start verildi. Azərbaycan Gimnastika Federasiyası gimnastikanın olimpiya və qeyri-olimpiya növləri üzrə yarışlara ev sahibliyi edib. İlk dəfədir ki, Milli Gimnastika Arenasında "TeamGym" üzrə Avropa çempionatı keçirilir. Azarkeşlər arenada möhtəşəm ab-havaya şahidlik edirlər".
N.Məmmədzadə yarışla bağlı maraqlı detalları açıqlayıb:
"TeamGym" Avropa Gimnastikasına məxsus olan növdür. Avropa ölkələrində çox populyardır. Bu, böyük bir hərəkatdır. Xüsusən də Skandinaviya ölkələrində populyardır. Adından da bəlli oıduğu kimi, "TeamGym" komanda yarışıdır. Komandaların heyəti 8 nəfərdən az, 10 nəfərdən çox olmur. Ümumiyyətlə, 14 ölkənin nümayəndələri burada iştirak edirlər. Ümumilikdə nümayəndə heyətlərinin sayı 800 nəfərdən artıqdır. İdmançılara gəlincə, bu rəqəm 500-dən çoxdur".
O, tamaşaçıları Milli Gimnastika Arenasına dəvət edib:
"Onu da qeyd edim ki, idmançılar üç alətdə mübarizə aparırlar. Bu alətlərin gimnastika növlərindəki bəzi alətlərlə oxşarlığı ola bilər. Amma "TeamGym" üzrə alətlər fərqlənir. Təsnifat yarışlarının ilk günüdür. Sabah da təsnifat mərhələsi davam edəcək. Cümə və şənbə günü final mərhələləri olacaq. Fürsətdən yararlanıb bütün tamaşaçıları Milli Gimnastika Arenasına dəvət edirəm. Burada xeyli sayda əcnəbi azarkeşlər var. Gəlin, komandamıza dəstək olun".
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.