Yuxarı

Azərbaycan cüdoçuları Hərbçilərin Ümumdünya Oyunlarına medalla başlayıb - FOTO

Qalib adını finalda Monqolustanı 4:1 hesabı ilə üstələyən Braziliya əldə edib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan komandası Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin VI Ümumdünya Oyunlarında ilk yarış günündə 1 bürünc medal qazanıb. "Report"un məlumatına görə, həmin medala tərkibi Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımovdan (100 kq) ibarət cüdo yığması komanda yarışlarında sahib olub.

Mübarizəyə 1/4 finaldan başlayan məşqçi Rauf Vəliyev və Şahin Arzumanovun rəhbərlik etdiyi cüdoçular ilk görüşdə Braziliyaya 1:4 hesabı ilə uduzublar. Lakin Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə Qətəri və Əlcəzairi 5:0 hesabı ilə məğlub edərək Cənubi Koreya ilə birgə fəxri kürsünün 3-cü pilləsinə qalxıblar. Qalib adını isə finalda Monqolustanı 4:1 hesabı ilə üstələyən Braziliya əldə edib.

Qeyd edək ki, cüdo üzrə komanda yarışlarına 17 ölkə qatılıb. Azərbaycan cüdoçularını 5-6 oktyabrda fərdi yarışlar da gözləyir. Həmin yarışlarda 5 kişi cüdoçudan əlavə, yeganə xanım cüdoçu Şahanə Hüseynova (57 kq) da mübarizə aparacaq. Ümumilikdə isə 134 ölkənin qatıldığı Hərbçilərin VI Ümumdünya Oyunlarında Azərbaycanı boks (6), taekvondo (7) və güləş (12) növləri də daxil olmaqla, üst-üstə 31 idmançı təmsil edir. Oktyabrın 11-dək davam edəcək Oyunlarda 24 növ üzrə 248 dəst medal sahibini tapacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi