Bakı. 1 avqust. REPORT.AZ/ 2028-ci il Yay Olimpiya və Paralimpiya Oyunları ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.
"Report"un məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (İOC) Los-Anceleslə razılaşmanı rəsmən təsdiqləyib.
Anlaşmaya əsasən, İOC qarşıdakı 11 il ərzində Oyunların gələcək ev sahibinin gənclər və uşaq-yeniyetmələrlə bağlı idman proqramını maliyyələşdirmək üçün 1,8 milyard dollar ayıracaq.
Yekun qərar üçün İOC, Los-Anceles və hazırkı vəziyyətdə 2024-cü il Oyunlarını qəbul etməli olan Fransanın paytaxtı Paris arasında üçtərəfli müqavilənin ratifikasiya olunması lazımdır. Anlaşmanın sentyabrın 13-də Perunun paytaxtı Limada keçiriləcək İOC-un 131-ci sessiyasında imzalanması planlaşdırılır.
Los-Anceles 1932 və 1984-cü illərdən sonra tarixdə üçüncü dəfə Yay Olimpiya Oyunlarının təşkilatçısı olacaq. Sonuncu dəfə ABŞ-da 1996-cı il Atlanta Yay və 2002-ci il Solt Leyk Siti Qış Olimpiya Oyunları keçirilib. 2024-cü il olimpiadasına namizəd kimi Paris və Los-Anceles qaldıqdan sonra İOC prezidenti Tomas Bax bu və sonrakı Oyunlara ev sahibliyini iki şəhər arasında bölüşdürməyi təklif etmişdi.