Yuxarı

Türkiyə Rusiyadan taxıl idxalını dayandırıb - YENİLƏNİB

Türkiyə Rusiyadan taxıl idxalını dayandırıb - YENİLƏNİB
Heç bir ölkənin müvafiq sahə üzrə qurumları hələ də məsələni şərh etməyib

İlk xəbər saat 13:17-də verilib

Bakı. 17 mart. REPORT.AZ/ Türkiyə taxıl idxalına lisenziya verilməsi siyahısından gözlənilmədən Rusiyanı çıxarıb. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu, Rusiya taxılı üçün həcminə görə ikinci bazarda tədarük payının azalmasına ciddi şəkildə təsir göstərəcək.

Məlumata görə, martın 15-dən başlayaraq Türkiyə hökumətinin idxal üçün verdiyi yeni lisenziyalar siyahısında Rusiyanın adı qeyd edilməyib. Bu, Rusiya taxılının de-fakto olaraq Türkiyəyə idxalını mümkünsüz edir. 2016-cı ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək Türkiyə Rusiyadan 1,9 mln. ton taxıl alıb.

"Bu, Rusiya taxılı üçün Türkiyə bazarını faktiki bağlaya bilər. Belə ki, idxal sxeminə daxil olmayan ölkələrin mallarına 130%-lik rüsum tətbiq edilir", - deyə məlumatda qeyd edilib.

Hələlik heç bir ölkənin müvafiq sahə üzrə qurumları məsələni şərh etməyiblər. 

Qeyd edək ki, 2015-ci ildə Türkiyə ilə Rusiya arasında yaranan gərginlik hər iki ölkənin iqtisadiyyatına təsir göstərib. Rusiya Türkiyədən əsasən meyvə-tərəvəz, göyərti idxalını qadağan etmişdi. Bundan əlavə, Türkiyədən pomidor və digər bəzi növ məhsulların idxalı dayandırılıb.

***

Türkiyənin müvafiq dövlət qurumları Rusiya taxılının idxalına məhduddiyyət qoyulmasına dair məlumatları təsdiq etməyiblər. "Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qonşu ölkənin iqtisadi inkişaf naziri Aleksey Qruzdyev bildirib.

"Türkiyənin İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri ilə görüşlərimiz olub. Bu məlumatlar öz təsdiqini tapmayıb. Hazırda məsələ tədarük həyata keçirən biznes-birliklərinin iştirakçıları ilə də araşdırılır", - deyə A. Qruzdyev əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi