Yuxarı

Bu il xaricdən 10 min baş cins mal-qara alınması planlaşdırılır

Bu il xaricdən 10 min baş cins mal-qara alınması planlaşdırılır
Heyvandarlığın inkişafı üzrə dövlət proqramının hazırlanması nəzərdə tutulur

Bakı. 30 yanvar. REPORT.AZ/ "Ölkədə heyvandarlıqla bağlı nəticələr yaxşıdır. Ancaq hələ ki, biz özümüzü süd və süd məhsulları ilə tam şəkildə təmin edə bilmirik. Kərə yağı, pendirlə tam təmin edə bilmirik. Ət və quş əti istehsalı artıq 100 faiz özümüzü təminetmə səviyyəsinə yaxınlaşır. Əlbəttə ki, növbəti illərdə açılacaq yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları bu məsələni həll edəcək".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair illik konfransda deyib.

Prezident bildirib ki, heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanmalı və qəbul edilməlidir.

"Biz bu il dövlət xətti ilə xaricdən yenə də 10 min baş cins mal-qara alacağıq, eyni zamanda, yaxın keçmişdə Göygöl rayonunda açılmış Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində mal-qaranın cins tərkibini daxili imkanlar hesabına da yaxşılaşdıracağıq.

Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Mən hesab edirəm ki, bu aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcəyik. Bu aqroparklarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdə tutulur. Bu aqroparklara 183 min hektar torpaq ayrılıb. Burada biz çox yüksək məhsuldarlıq gözləyirik. Misal üçün, taxılçılıqda hektardan məhsuldarlıq 50 sentnerdən aşağı olmamalıdır. Belə də olacaq. Çünki indi bizim iri fermer təsərrüfatlarımızda, - hansı ki, dövlət dəstəyi ilə yaradılıb, - hektardan məhsuldarlıq 45-50 sentner və bəzən ondan da yüksəkdir. Ona görə biz buna nail olsaq, onda xaricdən asılılıq tamamilə aradan götürüləcək, - deyə dövlət başçısı əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi