Azərbaycanda tütünçülüyün inkişafına dair təkliflər hazırlanıb

Azərbaycanda tütünçülüyün inkişafına dair təkliflər hazırlanıb Təkliflər zərfi artıq ölkə hökumətinə təqdim olunub
ASK
30 Sentyabr , 2016 13:44
Azərbaycanda tütünçülüyün inkişafına dair təkliflər hazırlanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın aqrar sektorunda qida məhsulları ilə yanaşı, strateji hesab edilən bitkilərə yeni həyat verilməsi hökumətin əsas prioritetləri sırasına daxil edilib. Vaxtı ikən həm daxili bazarı təmin edən, həm də xaricdə reallaşdırılan tütünün ölkə iqtisadiyyatına əvvəlki töhfəsinin qaytarılması məqsədilə Azərbaycanda tütünçülüklə bağlı yeni qanun layihəsi hazırlanır.

"Report"un əldə etdiyi məlumata görə, qanunda öz əksini tapmalı olan məsələlər artıq hökumətə təqdim edilib. Hökumətə təklif edilib ki, tütünçülükdə dönüş olması üçün 70 illik tarixə malik tütünçülük şöbəsi Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda yenidən bərpa edilsin. Hazırda Azərbaycanda tütünçülüklə bağlı elmi-tədqiqat işləri aparılmır və sahənin yenidən dirçəldilməsi üçün elmi tədqiqatların aparılması zəruridir.

Bundan başqa, təkliflər sırasında tütünün seleksiyası, toxumçuluğu, habelə becərmə texnologiyasında qabaqcıl texnologiyalardan istifadə edilməsi yer alıb. İlkin təkliflərdə, həmçinin tütün toxumunun istehsalı üçün 5 ha torpaq sahəsinin ayrılması qeyd edilib. Eyni zamanda, hazırda dünyada olan yeni və keyfiyyətli tütün sortlarının gətirilərək, ölkədə sınaqdan keçirilməsi və yerli iqlim şəraitinə uyğun olanların fermerlərə təklif edilməsi də qanun layihəsində qeyd edilməsi təklif olunur. Hazırda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi qanun layihəsi üzərində işləyir.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 2 500 ha sahədə tütün əkilib, onun 1 700 ha "Virginya" sortu, qalanı yerli sortlar olub. Ölkə daxilində tütün istehsalı ilə məşğul olan özəl şirkətlər Azərbaycanda becərilən yerli toxumları qəbul etmirlər. Belə ki, yerli şirkətlərdən biri bu il 20 kq xarici tütün toxumu üçün 21 min ABŞ dolları ödəyib. Hərçənd Azərbaycanda tütünçülüyün intensiv inkişaf etdiyi dövrdə 17 ha sahədə tütün toxumu əkilirdi və tütün toxumuna olan daxili tələbat 500 kq-ı ötmürdü. Mütəxəssislər isə qeyd edirlər ki, uzun müddətdir dövlət başçısının tütünçülüyün inkişafına dair verdiyi tapşırıqlara baxmayaraq, hələ də real işlər aparılmır.

Son xəbərlər

Orphus sistemi