​Azərbaycan Yaponiya ilə nota imzalayacaq

​Azərbaycan Yaponiya ilə nota imzalayacaq İki ölkənin hökuməti kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək niyyətindədir
ASK
23 İyul , 2015 14:55
​Azərbaycan Yaponiya ilə nota imzalayacaq

Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb. Görüşün məqsədi “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair imzalanacaq notanın müzakirəsi olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, H.Əsədov Azərbaycan hökuməti ilə Yaponiya hökuməti arasında imzalanmış Notalar Mübadiləsinə əsasən, Yaponiyanın "2KR Proqramı" çərçivəsində ayırdığı qrantlar, eləcə də "Tərəfdaşlıq Fondu"na və "Dövriyyə Hesabı"na toplanmış vəsaitlər hesabına ümumilikdə 1637 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikaları alınaraq lizinq yolu ilə kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxsin istifadəsinə verildiyini bildirib.

Nazir qeyd edib ki, bazar iqtisadiyyatına keçid dövründə 2KR Proqramı Azərbaycan üçün olduqca uğurlu olub və kənd təsərrüfatının inkişafında xüsusi rol oynayıb. Yaponiya hökumətinin ayırdığı qrantlar və Tərəfdaşlıq Fonduna toplanan vəsait hesabına müasir kənd təsərrüfatı texnikaları alınıb və onların tətbiqi nəticəsində aqrar sahənin texniki təminatı yaxşılaşıb, texnika parkı mütərəqqi texnologiyalar əsasında hazırlanmış texnikalar və avadanlıqlarla təchiz olunub.

Nazir deyib ki, 2KR Proqramı fermerlərin kənd təsərrüfatı texnikalarına olan tələbatının ödənilməsində, texniki servis xidmətlərinin təşkilində, əlavə iş yerlərinin yaradılmasında, kənddə sahibkarlıq fəaliyyətinin inkişafında, fermerlərin maddi rifah halının yaxşılaşmasında böyük rol oynayıb.

H.Əsədov “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair imzalanacaq Notanı hər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.

T.Takahaşi Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin istehsal etdiyi avadanlıqların ölkədə aqrar sahənin inkişafına və ərzaq təminatına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi