Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladığı 10 noyabr bəyanatında Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yolla əlaqəsinin təmin edilməsi məsələsi öz əksini tapıb. Bu əlaqəni Zəngəzur dəhlizi təmin edir. Hazırda Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. Bu dəhlizin istifadəyə verilməsinin Azərbaycan iqtisadiyyatına və regiona təsiri ilə bağlı “Report”a deputat, iqtisadçı Vüqar Bayramov şərh edib.
V.Bayramov Zəngəzur dəhlizinin açılması türkdilli ölkələri iqtisadiyyatına təsir göstərəcəyini, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artmasına şərait yaradacağını vurğulayıb.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi 1,1 trilyon ABŞ dollarından çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini də artıracaq: “Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.
V.Bayramov vurğulayıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.
Xatırladaq ki, Zəngəzur dəhlizi 1921-ci ildə Türkiyə ilə Rusiya arasında bağlanan Moskva müqaviləsi, daha sonra isə Gürcüstan, Ermənistan və Azərbaycan SSR tərəfindən imzalanan Qars sazişi ilə Azərbaycanın ərazisi bütövlüyünə daxil idi.