Zakir Quliyev: “Azərbaycanda su ehtiyatları 2070-2100-cü illərdə 30-35 % azalacaq”

Zakir Quliyev: “Azərbaycanda su ehtiyatları 2070-2100-cü illərdə 30-35 % azalacaq” ​​​​​​​Proqnoza əsasən, Azərbaycanda su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 %, 2070-2100-cü illərdə isə 30-35 % azalması gözlənilir
İnfrastruktur
25 Sentyabr , 2024 11:13
Zakir Quliyev: “Azərbaycanda su ehtiyatları 2070-2100-cü illərdə 30-35 % azalacaq”
Zakir Quliyev

Proqnoza əsasən, Azərbaycanda su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 %, 2070-2100-cü illərdə isə 30-35 % azalması gözlənilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev Avropa və Mərkəzi Asiyada ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi" mövzusunda regional iqlim konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları olduqca məhduddur: "Çoxillik məlumatlara əsasən, respublikanan yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 %-i ölkə ərazisində formalaşır, 70 %-i isə qonşu ölkələrin ərazilərindən daxil olur. Son illər iqlim dəyişilmələrinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axını kəskin surətdə azalır, daxili çayların bir çoxu isə tamamilə quruyur. Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığından onların suvarma suyu ilə təminatı çətinləşir. Bu problemin həlli mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, digər tərəfdən qeyri-ənənəvi (yeraltı, kollektor-drenaj, çirkab və tullantı, dəniz) sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə imkanlarının daha ətraflı tədqiq edilməsi zərurətini yaradır".

O əlavə edib ki, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə Su Komissiyası yaradılıb: "Komissiyanın rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə respublikada su ehtiyatlarından istifadənin idarə edilməsi, iqlim şəraiti və su tələbatı nəzərə alınaraq su anbarlarının iş rejimlərinin və sudan istifadə limitlərinin tənzimlənməsi tədbirləri həyata keçirilir. Eyni zamanda, Prezidentin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Həmin Plana əsasən, 20 ədəd mühüm əhəmiyyətli mövcud suvarma kanallarının yenidən qurulması, eyni zamanda əlavə su ehtiyatları yaratmaq üçün 10 ədəd yeni su anbarlarının yaradılması nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa, yenidənqurma və tikinti işləri həyata keçirilmiş və hazırda da bu istiqamətdə işlər davam etdirilir”.

O qeyd edib ki, son dövrlərdə qlobal iqlim dəyişilmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində görülmüş işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj şəbəkələrinin, nasos stansiyalarının və digər infrastrukturların tikilib istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfələr verib".

Z. Quliyev deyib ki, Kənd Təsərrüfatı Nazirliyinin, ADSEA-nın rəhbərliyinin və struktur vahidlərinin işçilərinin, Sudan İstifadəedənlər Birliklərinin, eyni zamanda aidiyyəti qurumların, şirkətlərin və fermerlərin iştirakı ilə kənd təsərrüfatı bitkilərinin su təminatının vəziyyəti, yaranan çətinliklər və onların aradan qaldırılması ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır və müvafiq tədbirlər müəyyənləşdirilir. Əkinlərin su təminatı məqsədi ilə suvarma qrafikləri hazırlanır və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya edilir. Bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilir. Mütəmadi olaraq sudan qənaətli və səmərəli istifadə, suvarma qrafikləri üzrə növbəliliyə riayət olunması ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarının stabil su təminatına nail olunması, qeyri- məhsuldar su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində maarifləndirilməsi işləri həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi