Yaponiyanın logistika şirkəti Azərbaycan vasitəsilə Avropaya daşımalara başlayır

İnfrastruktur
  • 23 may, 2022
  • 08:34
Yaponiyanın logistika şirkəti Azərbaycan vasitəsilə Avropaya daşımalara başlayır

Yaponiyanın qlobal logistika şirkəti “Nippon Express Holdings Inc”in törəmə şirkəti “Nippon Express (China) Co Ltd” (NX China) bu yaxınlarda Çinin müxtəlif yerlərindən Xəzər dənizi vasitəsilə Avropaya daşımalar üçün yeni intermodal xidmətə başlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilir ki, yüklər Çinin çoxsaylı nöqtələrindən dəmir yolu ilə Qazaxıstana (Aktau), oradan Xəzər dənizi vasitəsilə gəmi ilə Azərbaycana (Bakı), burdan isə yenidən dəmir yolu ilə Türkiyəyə (İstanbul) və Aİ-də müxtəlif təyinat nöqtələrinə çatıdırılacaq.

Yüklər Çinin Sian şəhərindən Almaniyanın Duysburq şəhərinə təxminən 50-55 günə daşınacaq. Qatar həftədə bir dəfə səfər edəcək.

Qeyd edək ki, “COVID-19” yoluxmalarının yenidən yayılması Çinin logistika sektoruna ciddi təsir edib. Nəticədə Çinin ən böyük şəhərlərindən biri Şanxayda uzun müddət davam edən qapanmalar hava və dəniz limanlarında sıxlığa səbəb olub. Hazırda Şərqi Çin bölgəsində Şanxayın şəhərətrafı ərazilərinə qoşulan yük daşımaları çətinliklərlə üzləşməkdə davam edir.

Müştərilərin tədarük zəncirini qorumaq üçün “NX China”, “China Railway Express”də mövcud dəmir yolu nəqliyyatı xidmətinə əlavə olaraq, Çində dəmir yolunu dəniz nəqliyyatı ilə birləşdirən 2 marşrut üzrə nəqliyyat xidməti təklif edir. Bunlar, Çinin Qingdao və Lianyungang limanlarından başlayan şimal marşrutu, eləcə də Şanxay limanı və Pudong hava limanındakı sıxlığı azaltmaq üçün Ninbo və Venzhou limanlarından başlayan cənub marşrutlarıdır.

Bundan başqa, “NX China” qeyd olunan intermodal nəqliyyat xidmətini dəstəkləmək üçün Çindən Qazaxıstan vasitəsilə Avropanın müxtəlif hissələrinə daşınması üçün Xəzər dənizi marşrutunu işləyib hazırlayıb.

Bu yeni xidmət Rusiya ərazisindən keçmədən Avropaya gedən yüklər üçün istifadə edilə bilər.