Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri Xəzərin Rusiya sektorunda dibdərinləşdirmə işləri görür

Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri Xəzərin Rusiya sektorunda dibdərinləşdirmə işləri görür Bakı. 10 iyul. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus bir sıra gəmiləri “Voltar Marine” şirkətinin sifarişi əsasında “Filanovski” yatağında dibdərinləşdirmə işləri yerinə yetirir.
İnfrastruktur
10 İyul , 2018 15:13
Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri Xəzərin Rusiya sektorunda dibdərinləşdirmə işləri görür
acsc.az

Bakı. 10 iyul. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus bir sıra gəmiləri “Voltar Marine” şirkətinin sifarişi əsasında “Filanovski” yatağında dibdərinləşdirmə işləri yerinə yetirir.

Gəmiçilikdən “Report”a verilən məlumata görə, dibdərinləşdirmə layihəsinin icrasına bir torpaqqazan (“Mühəndis Balarza Məmmədov”), üç torpaqdaşıyan (“Bakinskaya 3”, “Bakinskaya 5”, “Bakinskaya 6”) və “Yarenqa” təchizat-yedək gəmiləri cəlb olunub.

Ümumilikdə, 27 050 kubmetr qazma işləri həyata keçirilib və bununla da bu il iyunun 26-da start götürən layihənin birinci mərhələsi başa çatıb.

“Filanovski” yatağında layihənin ikinci mərhələsində görülməsi planlaşdırılan işlər də Gəmiçiliyin gəmiləri ilə yerinə yetiriləcək. Belə ki, 600 ton yükqaldırma qabiliyyətinə malik “Qurban Abasov” kran gəmisi həmin ərazidə platformanın dayaq blokunun quraşdırılması işlərində, “Yarenqa” yedək-təchizat gəmisi isə lövbər əməliyyatlarında istismar ediləcək.

Layihə zamanı bütün SƏTƏM prosedurlarına riayət olunub və heç bir xoşagəlməz hadisə baş verməyib.

Qeyd edək ki, AXDG QSC-nin gəmiləri “Filanovski” yatağındakı işlərin növbəti mərhələlərinə də cəlb olunacaq.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif tip ixtisaslaşdırılmış gəmilər var.

Son xəbərlər

Orphus sistemi