"WizzAir" aviaşirkəti Azərbaycana reysləri bərpa edir - YENİLƏNİB

"WizzAir" aviaşirkəti Azərbaycana reysləri bərpa edir - YENİLƏNİB Bununla da bağlı Bakıda müvafiq saziş imzalanıb
İnfrastruktur
28 Oktyabr , 2015 10:57
WizzAir aviaşirkəti Azərbaycana reysləri bərpa edir - YENİLƏNİB

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə "WizzAir" lou-kost aviaşirkəti (Macarıstan-Polşa) arasında Budapeşt-Bakı-Budapeşt marşrutu ilə müntəzəm aviareyslərin yerinə yetirilməsinə dair razılıq əldə olunub. "Report"un verdiyi xəbərə görə, bununla bağlı bu gün Bakıda "Wizzair" və "Ground Handling Company" (Azərbaycan) arasında reyslərə xidmət üzrə müvafiq saziş imzalanıb. Sənədi "Ground Handling Company"nin direktoru İlqar Ələkbərov və "Wizzair" şirkətinin baş meneceri Yozef Varadi imzalayıblar.

Müqavilənin müddəti 2019-cu il aprelin 1-də bitir.

Xatırladaq ki, ilk öncə Azərbaycan tərəfi xarici şirkətə Qəbələ hava limanından uçuşlar həyata keçirməyi təklif etmişdir, lakin "WizzAir" reyslərin Bakı istiqamətində yerinə yetirilməsinə təkid edib və tərəflər arasında bununla bağlı razılıq əldə edilib. 

"WizzAir" Budapeşt-Bakı-Budapeşt istiqaməti üzrə aviareyslərə 2016-cı il mart ayının 27-də başlayacaq. Uçuşlar həftədə 2 dəfə (III və VI günlər Budapeştdən Bakıya, IV və VII günlər isə əks istiqamətdə) yerinə yetiriləcək. Bakı-Budapeşt istiqamətində aviabiletin qiyməti 39,99 avro olacaq.

Xatırladaq ki, "WizzAir" 2013-cü ilin iyun ayından Budapeştdən Bakıya birbaşa reyslər yerinə yetirməyə başlayıb, 2014-cü ilin oktyabr ayında isə şirkətlər arasında uçuşlara dair müqavilənin müddəti bitdiyi üçün bu marşrut üzrə reyslər dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi