“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Vadim Seyidov” təchizat gəmisi əsaslı təmir olunub.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.
Təmir zamanı gəmi mexanizmləri, boru sistemləri, sanitar qovşaqlar cari təmir olunub, elektrik mühərrikləri sazlanıb. Eyni zamanda, ”Nefteqaz-58” gəmisindən dalğıc avadanlıqları demontaj olunaraq “Vadim Seyidov” gəmisinin baş göyərtəsinə quraşdırılıb.
Bununla belə, gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün də işlər görülüb. Yeməkxana və kayutlar yenilənib.
Daha sonra gəmi tərsanəyə qaldırılaraq avar val, sükan qurğusu, dib-yan armaturları, protektor qurğuları təmir olunub. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.
Təmir başa çatdıqdan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra “Vadim Seyidov” yenidən istismara qaytarılıb.