Dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən sayılan “V.Ships” şirkəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) üzən heyətin idarə olunması sisteminin qiymətləndirilməsini həyata keçiricək.
Bu barədə "Report"a ASCO-dan bildirilib.
"Bu, beynəlxalq miqyasda fəaliyyət göstərən ASCO-ya gələcəkdə heyətin idarə edilməsi istiqamətində daha mütərəqqi metodların tətbiqinə imkan verəcək", - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”dən qeyd ediblər.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev “V.Ships”in Baş əməliyyat direktoru Allan Falkenbergin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə həyata keçiriləcək müxtəlif istiqamətlər üzrə layihələr ətrafında geniş fikir mübadiləsi aparıb.
Qeyd olunub ki, əsas layihələrdən biri üzən heyətin inkişafını nəzərdə tutur. Bu proqram çərçivəsində yeni gəmi seqmentinə daxil olan ASCO üçün yerli peşəkar kadrların yetişdirilməsi planlaşdırılır. Proqrama uyğun olaraq ASCO-nun gəmilərində çalışan sıravi heyət üzvləri, eləcə də ASCO-nun təhsil müəssisələrində oxuyan istedadlı tələbələr 3-6 ay ərzində “V.Ships”in idarə etdiyi gəmilərdə təcrübə keçəcəklər. Proqramı uğurla başa vuranlar imtahan olunaraq ASCO-nun yeni tip gəmilərində işlə təmin ediləcəklər.
"V.Ships" beynəlxalq tələblərə uyğun hazırlanan imtahan əsasında ASCO gəmilərində çalışan komandir heyəti üzvlərinin həm nəzəri, həm də praktiki bilik və bacarıqlarının qiymətləndirilməsini də həyata keçirəcək. Bu imtahan ASCO-ya güclü komandir heyəti bazasının formalaşdırılmasına imkan verəcək. İmtahandan aşağı nəticə göstərənlər isə xüsusi təkmilləşdirmə proqramına cəlb olunacaqlar.Tərəflər arasında kadr tələbatının təmin olunması məsələsi də müzakirə olunub.
Bildirilib ki, yerli kadrlar kifayət etmədiyi halda ASCO-nun Qara və Aralıq dənizi hövzəsində fəaliyyət göstərən tanker və quru yük gəmilərinə "V.Ships" müvafiq dəstək göstərəcək.
Sahil heyəti üçün nəzərdə tutulan təcrübə mübadiləsi proqramı çərçivəsində isə "V.Ships"in beynəlxalq ofislərinə səfərlər təşkil olunacaq. Bu proqrama insan resurslarının, gəmi maliyyəsinin və əməliyyatlarının idarə edilməsi, satınalma, dəniz üzgüçülüyünün təhlükəsizliyi, donanmanın texniki istismar xidməti üzrə sahələrdə çalışanlar cəlb olunacaqlar. Onlar təcrübə mübadiləsi müddətində istifadə olunan elektron sistemlər, idarəetmə metodlarına dair yeni təcrübələri öyrənəcəklər.
Razılaşmaya əsasən, ASCO-da tətbiq olunan əmək haqqı sisteminin qiymətləndirilməsi və beynəlxalq bazarlarda tətbiq olunan əmək haqqı sistemləri ilə müqayisəsi də aparılacaq. Nəticələrə uyğun müvafiq hesabat və təkliflər hazırlanacaq.
Qeyd edilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Strateji İnkişaf Planına uyğun olaraq milli gəmiçiliyin Xəzər dənizində mövqeyinin qorunub-saxlanılması və inkişaf etdirilməsi ilə yanaşı, Xəzərdən kənar sularda fəaliyyətinin genişləndirilməsi, yeni gəmi seqmentlərinə daxil olunması, yükdaşımaların həcminin artırılması kimi məsələləri daim diqqətdə saxlayır və bu istiqamətdə mühüm layihələr icra edir.
ASCO beynəlxalq şirkət kimi əməliyyatların keyfiyyətinin, eləcə də kadrların bilik və bacarıqlarının davamlı artırılmasına yönəlik qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqinə də xüsusi önəm verir. Bu çərçivədə müxtəlif nüfuzlu şirkətlərlə səmərəli əməkdaşlıq edir. 40 ilə yaxın təcrübəyə malik dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən sayılan “V.Ships” şirkəti ilə əməkdaşlıq əlaqələri bunlardan biridir. Cari il ərzində sözügedən şirkətlə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.