Ukrayna: Yeni İpək Yolu daha ucuz olacaq

Ukrayna: Yeni İpək Yolu daha ucuz olacaq İştirakçı ölkələr bu marşrutu əlverişli etmək üçün daşınma tarifləri və vaxtı azaltmaq niyyətindədir
İnfrastruktur
7 Sentyabr , 2016 17:46
Ukrayna: Yeni İpək Yolu daha ucuz olacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rəsmi Kiyev ilin sonuna kimi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukraynadan ötməklə, Çindən Avropaya gedən yeni İpək Yolu marşrutu çərçivəsində logistika xidmətlərinin dəyərini və vaxtı azaldacağına ümid edir.

"Report"un "Finance.ua" saytına istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın aqrar siyasət nazirinin müşaviri Vladislava Rutitskaya bildirib.

"Çin-Qazaxıstan sərhədini sınaq qatarı 15 günə qət edib. Bir konteynerin daşınma qiyməti təxminən 5 200 dollar təşkil edir. Bu tarifi 3 098 dollaradək (orta qiymət) endirmək istəyirik. Bu qiymətə artıq dəmiryolu tarifləri, dəniz fraxtı, icbari rüsum və nəqliyyat-ekspedisiya xidməti daxil olacaq", - deyə müşavir qeyd edib.

Onun sözlərinə görə, bu gün ən mühüm vəzifələrdən biri qatarın yola sərf etdiyi zamanı 10 günə kimi azaltmaqdır.

"Logistika ilə bağlı qiymətlərin müzakirə olunacağı görüş sentyabrın sonunda Qazaxıstanda keçiriləcək. Ondan sonra qiymətlərin yekun siyahısına malik olacağıq", - deyə V.Rutitskaya əlavə edib.

Bundan başqa, oktyabrın sonunda Ukraynada Nəqliyyat Həftəsi keçiriləcək. Tədbirdə yeni İpək Yolu layihəsinin iştirakçısı olan ölkələrin hökumət və biznes strukturlarının nümayəndələri iştirak edəcəklər. Eyni zamanda, Çin iştirakçı ölkərə layihənin maliyyələşdirilməsi və inkişafı üçün vahid meydan yaratmaq, risklərin təhlili sisteminin qurmaq və fərdi və dövlət sərmayəsinin səmərəli sistemini qurmağı təklif edib.

Xatırladaq ki, yeni İpək Yolu marşrutu ilə ilk sınaq qatarı 2016-cı il yanvarın 15-də yola düşüb və aprelin 17-də geri qayıdıb.

Son xəbərlər

Orphus sistemi