Türk Abidə Menecerləri Şəbəkəsi yaradılır
- 10 oktyabr, 2023
- 09:21
Bakıda keçirilən "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsi ilə bağlı Bəyannamə imzalanıb.
"Report" xəbər verir ki, sənəd 5 ölkədən 9 qurum arasında imzalanıb.
Belə ki, Bakı Bəyannaməsini Azərbaycan tərəfdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şəki "Yuxarı baş" Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov, Qazaxıstan tərəfdən "Bozok" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Saule Burbayeva, "Esik" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktor müavini Dossym Zikiriyya, Qırğızıstan tərəfdən "Burana Qala" Respublika Arxeologiya və Memarlıq Muzey Kompleksinin direktoru Anita Şamenova, "Süleyman-Too" Milli Tarix-Arxeoloji Muzey Kompleksinin baş direktoru Gülbara Abdıkalıkova, Türkiyə tərəfdən Kappadokiya Ərazi Rəhbərləyinin baş direktoru Birol Hasan İnceciköz, Özbəkistan tərəfdən isə "İçan Qala" Dövlət Muzey-Qoruğunun elmi katibi Kamiljan Khudayberganov imzalayıblar.