TRASECA: Avtomobil ilə yükdaşıyan yerli şirkətlərin problemlərinin həlli gözlənilir

TRASECA: Avtomobil ilə yükdaşıyan yerli şirkətlərin problemlərinin həlli gözlənilir Tədbirlər planında həm vergi, həm investisiyaların cəlbi, həm də digər istiqamətlərdə olan məsələlər öz həllini tapmalıdır
İnfrastruktur
3 May , 2021 17:40
TRASECA: Avtomobil ilə yükdaşıyan yerli şirkətlərin problemlərinin həlli gözlənilir

Beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə ölkələrarası nəqliyyat-kommunikasiya proseslərində istifadə olunan əsas xidmətlərdən biri avtomobil nəqliyyatı vasitəsilə yüklərin daşınmasıdır. Bu sahədə dünyada, o cümlədən ölkəmizdə beynəlxalq logistika şəbəkəsinə öz töhfəsini verən müxtəlif yükdaşıma şirkətləri fəaliyyət göstərir. Son vaxtlar bu şirkətlərin problemlərinin həlli, onların fəaliyyətində vergi güzəştlərinin tətbiq edilməsi müxtəlif dövlət qurumlarının müzakirə predmetinə çevrilən və gələcəkdə reallaşması gözlənilən məsələlərdəndir. Ümumilikdə avtomobil nəqliyyatı vasitəsilə Azərbaycan üzərindən beynəlxalq yükdaşımaları götürdükdə isə, bu özü iqtisadi baxımdan ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən faktordur.

Azərbaycanın da tərkibində yer aldığı önəmli nəqliyyat dəhlizlərindən biri də TRASECA, yəni Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizidir. Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.

TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.

TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov “Report”a açıqlamasında avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar üzrə yeni təkliflər planı hazırladıqlarını bildirib:

“TRACECA çərçivəsində bizim dəhlizdən və Xəzər keçidindən avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar barədə araşdırmalar aparırıq. Bəzi məsələlərin aradan qaldırılması ilə bağlı təkliflər hazırlayırıq. Bu təklifləri TRACECA-ya üzv olan dövlətlərə təqdim edəcəyik. Əsas məsələlərdən biri oxa düşən yük avtomobillərinin çəkisi ilə bağlıdır. Bu istiqamətdə müzakirələr gedir. Çünki fərqli ölkələrdə çəki məsələlərindəki məhdudiyyətlə bağlı fərqli rəqəmlər mövcuddur. Məsələn, bəzi ölkələrdə məhdudiyyət 38 ton, bəzisində 40 tondur. Digər məsələ sənəd məsələləridir ki, bu sahədə də müzakirələr gedir. Həm Avropa, həm də MDB ölkələrində müxtəlif sistemlər tətbiq olunur. Bu da artıq sənədləşmə işlərinin uzanmasına gətirib çıxardır. TRACECA çərçivəsində “vahid tranzit sazişi” hazırlamışıq. Bütün ölkələr tərəfindən bu saziş qəbul olunub. İndi ölkədaxili razılaşdırma prosedurları gedir”.

Rüfət Bayramov
Rüfət Bayramov

R.Bayramov sözügedən sazişin əhəmiyyətini vurğulayıb:

“Bu sazişin imzalanması bütün sənədlərin elektron formada olmasını təmin edəcək. Digər tərəfdən, yükdaşıyıcı hər bir ölkədə keçid üçün ayrıca bir icazə almalı olmayacaq. Tutalım, bir daşıyıcı Türkiyə ilə Qazaxıstan arasında yükdaşıma həyata keçirirsə, o, həm Azərbaycandan, həm də Gürcüstandan ayrıca icazə sənədi almalıdır. Bu sazişin imzalanmasından sonra isə daşıyıcı həmin ölkələrdən vahid bir sənədlə keçə biləcək. Bu, həm maliyyə cəhətdən daşımanın qiymətini aşağı salacaq, həm də daşıyıcının vaxt udmasına səbəb olacaq”.

Müsahibimiz beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərin problemlərinin həlli barəsində də ümidli danışıb:

“24 aprel tarixində iqtisadiyyat naziri avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli sahibkarlarla görüş keçirdi. Həmin görüşdə mövcud problemlər, vergi və digər məsələlərə də toxunuldu. Hazırda tədbirlər planı hazırlanır. Bu tədbirlər planının nəticəsində həm vergi, həm investisiyaların cəlbi, həm də digər istiqamətlərdə olan məsələlər öz həllini tapmalıdır”.

R.Bayramov son dövrlər avtomobil nəqliyyatı ilə yükdaşımaların artdığını qeyd edib:

“Bu il avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalarda artım müşahidə olunur. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var. Pandemiya ilə bağlı bəzi Orta Asiya ölkələrində məhdudiyyətlər olduğuna görə, yükdaşımaların müəyyən bir həcminin Azərbaycan üzərindən daşınmasına başlanıldı. Həm də region ölkələrində müxtəlif sahələrdə canlanma getdiyinə görə, eyni zamandan Türkiyə ilə Orta Asiya ölkələri arasında ticarət dövriyyəsinin artması səbəbilə yükdaşımalar da artmağa başladı. Məsələn, keçən il Bakı limanından Türkiyə ilə Orta Asiya ölkələri arasında yükdaşıma həyata keçirən 35-40 mindən çox TIR keçib. Bu da əvvəlki illərə baxanda nisbətən çox göstəricidir”.

Son xəbərlər

Orphus sistemi