TRACECA: “Gələn il konteyner daşımalarının Xəzər üzərindən keçirilməsi yoxlanılacaq”

İnfrastruktur
  • 17 dekabr, 2021
  • 09:51
TRACECA: “Gələn il konteyner daşımalarının Xəzər üzərindən keçirilməsi yoxlanılacaq”

“2022-ci ilin birinci rübündə TRACECA dəhlizi çərçivəsində konteyner daşımalarının Xəzər üzərindən keçirilməsinin yoxlanılması məqsədilə Qlobal Tranzit Sənədi üzrə pilot daşımanın həyata keçirilməsi planlaşdırılır”.

Bu barədə “Report”a açıqlamasında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib.

R.Bayramov qeyd edib ki, bu il ərzində TRACECA çərçivəsində 20-ə yaxın sənəd qəbul olunub:

“2022-ci il üçün həmin təşəbbüs və sənədlərin realizasiyası ilə məşğul olmağı planlamışıq. İlkin olaraq Qlobal Tranzit sənədi üzrə pilot konteyner daşıma həyata keçirmək istəyirik. Hazırda bu barədə Azərbaycanın dövlət qurumları ilə sıx məsləhətləşmələr gedir. Dəhliz üzrə yerləşən bir neçə ölkə bu məsələyə öz marağını ifadə edib. Özbəkistan, Tacikistan, Qazaxıstan artıq öz müsbət rəyini bildirib. Böyük ehtimal ki, Azərbaycan da öz müsbət rəyini bildirəcək.

Layihə Orta Asiyadan Rumıniyaya və Rumıniyadan Orta Asiyaya daşımaların edilməsini ehtiva edir. İlk olaraq Orta Asiyadan Avropa istiqamətində, sonra da əksinə pilot daşıma ediləcək. Birinci mərhələdə neçə konteynerin olması hələ ki, müzakirə mözusudur. Bu, layihədə hansı şirkətlərin iştirak edəcəyindən asılı olacaq. Yük həcmini də biz bunu bildikdə müəyyən edəcəyik. Blok qatar da ola bilər, ilk daşımada 41 konteyner də iştirak edə bilər. Bu barədə dəqiq məlumatı layihəni həyata keçirməyə başlayanda deyə bilərik”.

R.Bayramov pilot layihə üzrə iki marşrutun nəzərdə tutulduğunu bildirib:

“Bunlardan biri Tacikistan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutudur. Digər marşrutda isə Qazaxıstanın əvəzinə Türkmənistan iştirak edə bilər. Bu iki marşrutun olması gündəmdir. Ola bilər ki, bu marşrutlardan biri və ya hər ikisi üzrə pilot daşıma olsun. Bunu müzakirələrdən sonra müəyyən edəcəyik. Bütün ölkələrdən razılıq ala bilsək, növbəti ilin birinci rübündə pilot daşımanın olmasını planlaşdırırıq.

Pilot daşımanın həyata keçirilməsində iki əsas məqsəd var. Bir məqsəd konteyner daşımalarının Xəzər üzərindən keçirilməsinin yoxlanılmasıdır. Hansı ölkədə hansı qaydalar və hüquqi normativlərin olduğunu təcrübə etmək istəyirik. İkincisi, bu layihə ümumən TRACECA-nın rəqəmsallaşdırma strategiyasının bir komponenti olaraq istifadə olunacaq ki, bunun da üzərində biz vahid pəncərə prinsipinə uyğun olaraq hər hansı sistemin tətbiqini həyata keçirə bilərik”.

“Prosesə hansı daşıyıcı şirkətlərin qoşulması barədə də hələ dəqiq bir söz demək mümkün deyil. Çünki ilkin olaraq işçi qrupu formalaşmalıdır və hər ölkədən bir nümayəndə həmin işçi qrupunda iştirak etməlidir. İndi bunun üəzrində çalışırıq. O işçi qrupunun fəaliyyəti çərçivəsində prosesə hansı şirkətlərin cəlb edilməsi müəyyən ediləcək. Hansısa ölkənin bir daşıyıcı şirkəti özü də təşəbbüs göstərə bilər. Bu, Azərbaycan daşıyıcısı da ola bilər, Qazaxıstan daşıyıcısı da. Hətta bütün ölkələrin daşıyıcıları bir yerdə də iştirak edə bilərlər”,- deyə R.Bayramov əlavə edib.

Xatırladaq ki, Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.