TRACECA: "Aİ ilə əsas danışıqlarımız Zəngəzur dəhlizinin açılması ilə bağlıdır"
- 10 noyabr, 2021
- 07:55
Avropa ittifaqı yenidən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində maliyyələşmə məsələlərinə maraq göstərir.
Bu barədə "Report"a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.
R.Bayramov TRACECA rəhbərliyinin Avropa Komissiyasının müxtəlif komissarları ilə keçirilən görüşlərdən danışıb:
"TRACECA ilk yarandığı vaxtlarda Avropa Komissiyası tərəfindən maliyyələşdirilirdi. Komissiya ilə birgə layihələr həyata keçirilirdi və 20 il ərzində dəhliz üzrə ümumən 150 milyon ABŞ dollarından çox investisiya yatırılmışdı. Onların arasında ilk illərdə infrastrukturun inkişafına aid layihələr, son dövrlərdə isə daha çox ümumi inkişafla bağlı layihələr olur. 2016-cı ildən Avropa Komissiyası tərəfindən belə bir mexanizm tətbiq olunmur. Son il ərzində bu istiqamətdə işlərimizi fəallaşdırdıq. Bu yayın əvvəlində bizim Baş katib Brüsseldə oldu. Orda Avropa Komissiyasının müxtəlif komissarları ilə görüşlər keçirildi. Bu gün biz müəyyən bir aktivlik müşahidə edə bilirik. Düzdür, maliyyələşmə məsələsinin hansı layihədə öz əksini tapacağını hələ ki, deyə bilmərik. Amma görürük ki, Avropa İttifaqından bu məsələyə maraq var".
R.Bayramov qeyd edib ki, görüşlərdə əsas mövzu Zəngəzur dəhlizinin açılması ilə bağlıdır:
"Bizim Avropa İttifaqına mesajımız ondan ibarət idi ki, artıq regionda yeni bir reallıq var. Artıq yeni kommunikasiyaların açılması mövzusu aktualdır. Nəzərə alsaq ki, həm Ermənistan, həm Azərbaycan TRACECA-nın üzvüdür, biz Avropa İttifaqını hansısa bir texniki dəstək layihəsi ilə bu prosesə qoşulmağa dəvət elədik. Onlar bildirdi ki, işlər yolunda getsə, hər hansı texniki layihə həyata keçirilə bilər. İnfrastruktur olaraq ölkə başçısı da qeyd edib ki, Azərbaycan bu işləri öz maliyyə vəsaitləri hesabına görməyə hazırdır. Hazırda Azərbaycan bütün ölkələrə öz sözünü çatdırmağa çalışır ki, biz ölkə olaraq bütün investisiyaların yatırılmasına açığıq".