Tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara təqdim edilib

Tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara təqdim edilib Təqdimatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi edib
İnfrastruktur
8 Aprel , 2021 09:49
Tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara təqdim edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara onlayn formada təqdim edilib.

Bu barədə “Report”a komitədən bildirilib.

Məlumata görə, tikinti şirkətlərinin nümayəndələrinə “Bir pəncərə” sisteminin funksionallığı əyani nümayiş olunub.

Komitnin inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi sahəsində apardığı islahatlar və “Bir pəncərə” elektron müraciət sistemi haqqında növbəti maarifləndirici seminar təşkil edildi, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olunub. Komitənin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi bu görüşə tikinti sektorunda fəaliyyət göstərən 40-a yaxın şirkət nümayəndələri və fərdi sahibkarlar qatılıb.

Qeyd olunub ki, son illər ölkəmizin bütün ərazisində həyata keçirilən genişmiqyaslı şəhərsalma prosesləri və Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə davamlı aparılan köklü islahatlar sayəsində əhalinin mənzil-məişət şəraiti yaxşılaşır, sahibkarlıq inkişaf edir. Ölkə başçısının tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin istifadəyə verdiyi “Bir pəncərə” elektron müraciət sistemi tikinti sahəsində işlərin səmərəliliyinin artırılmasını, şəffaflığın təmin olunmasını, inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb. Belə ki, elektron sistem sayəsində prosedurların sayı 18-dən 7-dək, tələb olunan günlərin sayı isə 116-dan 38-dək azalıb. Bununla yanaşı bu imkan sayəsində tikinti niyyəti olan hər bir şəxs olduğu yeri tərk etmədən “Bir pəncərə” sisteminə elektron qaydada müraciət edərək ekspertizasının keçirilməsi tələb olunan və olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə və həmçinin ekspertizası tələb olunan tikinti obyektlərinin istismarına icazələri onlayn əldə edə bilər.

Təşkilatçılarla yanaşı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” və “Azərsu” ASC-lər kimi dövlət qurumlarının əməkdaşlarının da iştirak etdiyi vebinar çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funksional bölməsi əyani formada nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin onlayn şəkildə toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses təqdim olunub.

Hazırda Komitə sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işləri davam etdirir ki, bunlardan biri də sistemin tərkibində yaradılmış yeni “məlumatlandırma icraatı” moduludur. Bu xidmət ilk mərhələdə pilot layihə olaraq Bakı şəhərində istifadəyə verilib və qısa müddət ərzində bütün ölkə üzrə tədbiq olunması planlaşdırılır.

Sonda tikinti şirkətlərinin nümayəndələrinin təklifləri dinlənilərək qeydə alınıb, sistemin imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi