Tikinti sektorunda əmək fəaliyyəti təhlükəsizdirmi?

Tikinti sektorunda əmək fəaliyyəti təhlükəsizdirmi? Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da tikinti sektoru neftdənkənar iqtisadiyyatın lokomotivi sayılır. Bu sahədə minlərlə insan çalışır. Əgər kütləvi məşğulluq varsa, ara-sıra bədbəxt hadisələrin qeydə alınması da istisna deyil.
İnfrastruktur
9 Sentyabr , 2020 15:59
Tikinti sektorunda əmək fəaliyyəti təhlükəsizdirmi?

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da tikinti sektoru neftdənkənar iqtisadiyyatın lokomotivi sayılır. Bu sahədə minlərlə insan çalışır. Əgər kütləvi məşğulluq varsa, ara-sıra bədbəxt hadisələrin qeydə alınması da istisna deyil.

Məsələn, bu il sentyabrın 4-də Bakının Nərimanov rayonunun Möhsün Sənani küçəsində tikinti işləri aparan kran aşıb. Hadisə nəticəsində kranın sürücüsü həyatını itirib.

Bəs belə halların qarşısını necə almaq olar və ümumiyyətlə, tikintidə işləyənlərin əmək təhlükəsizliyi lazımi səviyyədə təmin olunurmu? “Report” bu sahədə vəziyyəti araşdırıb.

Tikintidə qeyri-rəsmi məşğulluq çoxdur

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, tikinti sektorunda qeyri-rəsmi qaydada, əmək müqaviləsi bağlamadan çalışanların sayı çoxdur. Belə insanların həyatı, təhlükəsiz şəraitdə işləməsi sahibkarları elə də maraqlandırmır: “Son nəticədə hər il tikinti sektorunda onlarla ölüm və xəsarət hallarının şahidi oluruq. Çünki sahibkarlar məsuliyyətdən, eləcə də bir sıra ödənişlərdən, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fonduna ödənişlərdən yayınmaq üçün işçilərin hamısı ilə əmək müqaviləsi bağlamamağa çalışırlar. Çünki həmin müqavilədə işçinin həyat və tibbi sığortası məsələləri, digər hüquqları öz əksini tapmalıdır. Üstəlik, işçilərin həyatına məsuliyyətli yanaşmaq, iş prosesində bütün normalara əməl etmək lazımdır. Bakıda tikinti aparılan ərazilərin yanından keçərkən kaskasız, təhlükəsizlik tədbirlərinə əməl edilmədən yüksək mərtəbələrdə çalışanları görürük. Bu kimi hallar faciələrlə nəticələnir. Odur ki, dövlət tikinti sektoruna, xüsusilə də əməyin təhlükəsizliyinə nəzarət sərtləşdirməlidir”.

Məmurlar tikinti biznesi ilə məşğuldur

Bundan başqa, onun sözlərinə görə, tikinti şirkətləri arasında dolayısı ilə məmurlara məxsus olanlar var. Bu isə həmin şirkətləri və onların rəhbər şəxslərini məsuliyyətdən kənarda qoyur: “Bəzən məmurlara yaxın tikinti şirkətləri dövlətə məxsus nəzarəterdici qurumlardan güclü olur. Bu zaman həmin şirkətlərin ərazilərində yoxlamaların aparılması mümkün olmur. Və yaxud müəyyən vəsait qarşılığında nöqsanlara göz yumulur. Elə bil sistem qurulmalıdır ki, işçilərin hüquqları müdafiə olunsun, işəgötürən işçilərlə müqavilə bağlamağa məcbur olsun. Bunu stimullaşdırmaq lazımdır. İşçi əmək müqaviləsi olmadan işləməyə razılıq verməməlidir. Bəzən müqaviləsi olan işçiyə bədbəxt hadisə zamanı kompensasiya şifahi razılıq əsasında ödənilsə də, bu razılıqdan boyun qaçıran sahibkarlar da olur. Belə halların qarşısının məhkəmə yolu ilə alınması çox vacibdir”.

İşçilər üçün tələ

N.Cəfərli deyir ki, bəzən işçilərlə bağlanılan əmək müqavilələrində bir növ tələ sayılan müddəa olur: “Həmin müddəda qeyd edilir ki, işçi iş prosesində baş verən qəzaya görə bütün məsuliyyəti öz üzərinə götürür. Bu cür müddəaların olması qanunazidd deyil, amma məntiqə və davranış qaydasına ziddir. Azərbaycanda bir iş yeri üçün rəqabət o qədər güclüdür ki, işçilər  düşünmədən və oxumadan müqavilələri imzalayırlar. Son nəticədə onlar xəsarət alan zaman və digər hallarda kompensasiyalardan məhrum olurlar”.

Tikinti sektorunu yoxlamırlar

“Report” mövzu  ilə bağlı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə də əlaqə saxlayıb. Qurumdan bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli qanuna əsasən, tikinti sektorunda aparılan yoxlamalar bu ilin sonuna qədər dayandırılıb.

Son xəbərlər

Orphus sistemi