Azad olunan ərazilərdə inşa olunan kiçik su elektrik stansiyalarının ümumi gücü 270 MVt-dir.
“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərenerji” ASC mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.
Onun sözlərinə görə, bölgədə kiçik su elektrik stansiyalarının istismara verilməsi regionun yaşıl enerji potensialını artırır:
“Kiçik Qafqaz dağ silsiləsi üzərində formalaşan çaylar üzərində kiçik su elektrik stansiyaların tikilməsi üzrə işlər davam edir. Son bir ildə doqquz yerdə su elektrik stansiyası tikilərək istismara verilib. Onlardan ikisi Zar çayının üzərində tikilən 4,3 MVt gücündə “Zar” KSES və Göygöl rayonunun Dozular kəndində Kürəkçay çayının üzərində yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-dır.
Bu kiçik su elektrik stansiyalarının istismara verilməsi regionun yaşıl enerji potensialını artırır. Hər iki su elektrik stansiyasının inşasında bütün normativlərə riayət olunub. Ümumilikdə işğaldan azad olunan ərazilərdə inşa edilən kiçik su elektrik stansiyasıyalarının gücü 270 MVt-dir”.