“Təbiət üçün SOS” yay məktəbi iştirakçıları Dövlət Dəniz Agentliyində olub

“Təbiət üçün SOS” yay məktəbi iştirakçıları Dövlət Dəniz Agentliyində olub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Litvanın Azərbaycandakı səfirliyinin dəstəyi, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Təbiət üç
İnfrastruktur
285
5 Avqust , 2021 17:00
“Təbiət üçün SOS” yay məktəbi iştirakçıları Dövlət Dəniz Agentliyində olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Litvanın Azərbaycandakı səfirliyinin dəstəyi, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Təbiət üçün SOS” adlı yay məktəbi çərçivəsində növbəti tədbir keçirilib.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, maarifləndirmə xarakterli tədbirdə respublikanın müxtəlif təhsil ocaqlarından 12-15 yaş qrupu üzrə məktəblilər iştirak edib.

Məktəblilər agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olub. Burada onlara gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, naviqasiya xəbərdarlıqları, hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, həmçinin “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının aidiyyəti dövlət qurumlarına ötürülməsinin təmin edilməsi ilə bağlı məlumatlar verilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, agentliyin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi Xəzəryanı ölkələr sırasında ilk dəfə məhz Azərbaycanda yaradılıb. Və yeganə mərkəzdir ki, burada istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin olunur.

Tədbir zamanı məktəblilərə Beynəlxalq Dəniz Təşkilatının (BDT) fəaliyyətinə dair məlumat verilib, Azərbaycan Respublikasının 1995-ci ildən adıçəkilən təşkilatın üzvü olması və keçən bu müddət ərzində 20-dən çox beynəlxalq konvensiya, protokola qoşulması qeyd edilib. Eləcə də təşkilatın əsas fəaliyyət istiqamətlərindən birinin dəniz mühitinin mühafizəsinə yönəldiyini və bu sahədə “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında Beynəlxalq Konvensiya”nın (MARPOL), “Gəmi Ballast Sularına və Çöküntülərinə Nəzarət və Onların İdarə Edilməsi üzrə Beynəlxalq Konvensiya”nın (BWM) qəbul olunması kimi bir sıra mühüm işlərin həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Məktəblilərə BDT-nin uşaqlar üçün hazırladığı internet səhifəsi barədə məlumat verilib, dəniz mühitinin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması sahəsində öz biliklərini artırmaq məqsədilə təqdim olunan məlumatlardan yararlanmaq tövsiyə olunub.

Tədbir zamanı həvəskar ekoloqlara dəniz mühitinin neft qarışıqlı tullantılar, zərərli maye maddələr, çirkab sular, zibil tullantıları, havanın gəmilərdən çirkləndirilməsinin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilərək, BDT tərəfindən müvafiq mövzuda hazırlanan animasiya filmi nümayiş etdirilib. Vurğulanıb ki, BDT tərəfindən biomüxtəliflik baxımından zəngin və həssas ərazilərə “xüsusi ərazilər” statusunun verilməsi, həmçinin sözügedən ərazilərdə istismar olunan gəmilərdə dəniz mühitinin mühafizəsi baxımından daha sərt tələblərin tətbiq edilməsi barədə qərarlar qəbul edilib. Həmçinin gəmilərin hərəkəti zamanı yaranan səs-küyün dəniz biomüxtəlifliyinə təsirindən və aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Bununla yanaşı, gəmilərin ballast suları ilə yad (invaziv) növlərin daşınması barədə məlumat verilmiş, Xəzər dənizinə bu yolla gətirilmiş “Mnemiopsis laidyi” və onun Xəzərin biomüxtəlifliyinə vurduğu ziyan barədə danışılıb. Bu mövzuda “BBC Worldwide” və BDT tərəfindən hazırlanan “Dənizdən gələn işğalçılar” filmindən fraqmentlər nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi