TBNM baş katibi: "Azərbaycanın layihəyə verdiyi töhfə onun beynəlxalq logistikanı təkmilləşdirmək istəyini nümayiş etdirir"

TBNM baş katibi: "Azərbaycanın layihəyə verdiyi töhfə onun beynəlxalq logistikanı təkmilləşdirmək istəyini nümayiş etdirir" Azərbaycan və Qazaxıstanın Orta Dəhlizin inkişafına verdiyi töhfə ölkələrin beynəlxalq logistika və iqtisadi əməkdaşlığı təkmilləşdirmək istəyini vurğulayır.
İnfrastruktur
21 İyun , 2024 16:07
TBNM baş katibi: Azərbaycanın layihəyə verdiyi töhfə onun beynəlxalq logistikanı təkmilləşdirmək istəyini nümayiş etdirir

Azərbaycan və Qazaxıstanın Orta Dəhlizin inkişafına verdiyi töhfə ölkələrin beynəlxalq logistika və iqtisadi əməkdaşlığı təkmilləşdirmək istəyini vurğulayır.

Bunu “Report”a müsahibəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı qlobal nəqliyyat şəbəkəsi, iqtisadi artım və Avropa ilə Asiya arasında ticarət əlaqələrinin möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Hazırda biz ötürücülük qabiliyyətinin genişləndirilməsi istiqamətində genişmiqyaslı işlər görürük. Bu, Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında ötürücülük qabiliyyətinin sinxron şəkildə genişləndirilməsi üzrə sazişlərlə təsbit olunub. Bu sənəd imzalanandan bəri biz artıq üç yeni konteyner gəmisini və iki müasir “Ro-Pax” bərəsini istismara vermişik. Bundan əlavə, Xəzər dənizi ilə daşımaların həcminin artırılması üçün tədbirlər həyata keçirilib. Əgər əvvəllər ildə 80 minə yaxın konteyner daşıya bilirdiksə, indi ötürücülük qabiliyyətimiz 100 min konteyneri keçir”.

Q.Abdikerimov vurğulayıb ki, hazırda Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə Orta Dəhlizi fəal şəkildə irəlilədirlər ki, bu da onun gələcək inkişafına mühüm təkan yaradır.

TBNM-in baş katibi Qazaxıstan hökumətinin Vyetnam şirkətlərinə Orta Dəhlizin potensialından istifadə etməklə bağlı vediyi təklini də şərh edib. O bildirib ki, Vyetnam tərəfi hələ ki, təklifə cavab verməyib. Bununla belə, o, gələcəkdə bu ölkədəki şirkətlərin bu dəhlizin imkanlarından istifadə etməyə başlayacağına əminliyini ifadə edib.

Bundan əlavə, Q.Abdikerimov bildirib ki, hazırda Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq xüsusilə nəqliyyat və logistika sahələrində yüksək səviyyədədir: “Biz mövcud müqavilələri həyata keçirməklə bu yüksək səviyyəni qorumalıyıq”.

Baş katib yekunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə toxunub: “Biz çox şadıq ki, COP29 Azərbaycanda keçiriləcək, çünki ölkə “yaşıl enerji”ni fəal şəkildə irəlilədir. Azərbaycan limanları “yaşıl status"a malikdir, bu nadir haldır. Bundan başqa, yaxın vaxtlarda dəmir yolları tamamilə elektrik dartı qüvvəsinə keçəcək. Bütün bunlar atmosferə CO2 emissiyalarının azaldılmasına, iqlim problemlərinin həllinə töhfə verir ki, bu da son dərəcə vacibdir. TBNM-in fəaliyyəti zamanı ətraf mühitin mühafizəsinə maksimum dərəcədə diqqət yetirilir”.

Son xəbərlər

Orphus sistemi