Sumqayıt-Yalama dəmiryolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər açıqlanıb
- 03 avqust, 2024
- 09:57
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Sumqayıt-Yalama dəmiryolu layihəsi çərçivəsində 150 körpü yenidən qurulub.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Azərbaycan: Dəmiryolu Sektorunun İnkişaf Proqramı – Əlavə maliyyələşdirmə” adlı maliyyə hesabatında qeyd edilib.
Məlumata görə, ADB-nin maliyyələşdiyi layihə fəaliyyətinə uyğun olaraq 350 ədəd dairəvi və düzbucaqlı suötürücülərdə tikinti işləri nəzərdə tutulub:
“Körpülərə gəlincə, iki hərrac üzrə 16 yeraltı və 13 yerüstü piyada keçidinin inşası nəzərdə tutulub. Birinci hərrac üzrə 9 yeraltı və 7 yerüstü piyada keçidinin tikintisi nəzərdən keçirilib. İndiyədək 7 yol ötürücüsündən 2-si tamamlanıb, digər yol ötürücülərində işlərin 90 %-dən çoxu yerinə yetirilib”.
Hesabatda vurğulanıb ki, ikinci hərrac üzrə ilkin olaraq 7 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulurdu: “Amma inşası planlaşdırılan yeraltı piyada keçidlərinin sayı 6-dır ki, onlardan üçündə işlərin 90 %-i, ikisində isə 40 %-i yerinə yetirilib. Lakin yerdə qalan bir piyada keçidinin tikintisinə hələ başlanılmayıb”.
Qeyd edilib ki, Xaçmaz rayonunda dəmiryolunun 162+300-cü km-də Palçikoba kənd sakinlərinin xahişi ilə məktəbdə təhsil alan şagirdlər üçün 1 ədəd piyada keçidi tikilib: “Bundan başqa, Xaçmaz rayonu, Açıkoba kəndinin yerli əhalisinin xahişi ilə 162+300-cü km-də ilkin layihədə nəzərdə tutulmayan keçid tikilib. Bu keçid isə heyvanlar üçün nəzərdə tutulub”.
Xatırladaq ki, Sumqayıt-Yalama dəmir yolu xəttinin bərpası layihəsinin ümumi dəyəri 331 milyon ABŞ dolları təşkil edir. ADB layihənin icra müddətini 2024-cü ilin sonuna qədər uzadıb. Layihə çərçivəsində Sumqayıtdan Yalamaya qədər olan təxminən 333 km uzunluqda əsas dəmir yolu xəttinin yenidən qurulması, o cümlədən tikinti konstruksiyalarının və dəmiryolu keçidlərinin tikintisi və quraşdırılması, həmçinin “Şimal-Cənub” dəmir yolu dəhlizinin Yalamadan Astaraya qədər olan hissəsinin yenilənməsi üçün elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya kimi digər əsas dəmir yolu obyektlərinin təkmilləşdirilməsi üzrə mərhələli strategiyanın hazırlanması nəzərdə tutulur.
Azərbaycan hökuməti dəmir yolu əlaqəsinin yaxşılaşdırılması və maliyyə cəhətdən həyat qabiliyyətli dəmir yolu əməliyyatlarının yaradılması üçün 19 dekabr 2017-ci ildə ADB ilə 150 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb. Bu, layihənin ümumi dəyərinin 45,32 %-ni təşkil edir. Bundan əlavə, Azərbaycan 11 mart 2019-cu ildə Fransa İnkişaf Agentliyi (AFD) ilə 93,159 milyon avro (105 milyon ABŞ dolları) məbləğində kredit sazişi imzalayıb. Bu sazişin müddəti 2022-ci ilin sonunda başa çatıb. AFD vəsaitləri layihə dəyərinin 31,72 %-ni təşkil edir. Azərbaycan hökumətinin layihədə iştirak payı 76 milyon ABŞ dollarıdır (layihə dəyərinin 22,96 %-i). Bu vəsaitlər hesabına layihə ilə bağlı bütün vergi və rüsumların ödənilməsi xərclərinin qarşılanması planlaşdırılır.