Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi davam etdirilir

Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi davam etdirilir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti işləri aparılır.
İnfrastruktur
15 İyul , 2021 09:21
Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi davam etdirilir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti işləri aparılır.

"Report" xəbər verir ki, bu cür layihələrdən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Xatırladaq ki, bu avtomobil yolunun təməli bu il martın 15-də Prezident İlham Əliyev və I xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı qoyulub.

Dövlət başçısının tapşırığına əsasən, yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yol boyu 6 avtomobil körpüsü və 11 yeraltı keçidin də tikintisi aparılır.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri aparılır. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. İnşa edilən yolun hərəkət hissəsi 14 metr, çiyinlər isə 2x1,5 metr təşkil edəcək. Həmçinin tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də paralel olaraq aparılır.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi boru və 7 düzbucaqlı su ötürücü, həmçinin yolun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində olmaqla 6 yeni avtomobil körpüsü inşa edilir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Bununla yanaşı tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi də aparılır.

"Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgənin inşası artıq bitmək üzrədir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur", - deyə o, qeyd edib.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.



Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Ölkə prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi