“Silk Way Airlines” şirkəti iki təyyarə alıb
- 17 mart, 2022
- 08:18
Azərbaycanın “Silk Way Airlines” şirkəti “Sky Gates Airlines” üçün xidmət göstərən iki Boeing-747-400 təyyarələrini ölkəyə transfer edib və onlar artıq Avropa və Çin istiqamətində uçmağa başlayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin fevralın 22-də “Silk Way Airlines” şirkəti Moskvada fəaliyyət göstərən "Boeing VP-BCH" (msn 30804) və "Boeing VP BCİ" (msn 32571) saylı təyyarələri Bakıya gətirib.
Aviasiya donanmalarının mülkiyyət moduluna görə, hər iki təyyarə "Boeing Aircraft"a məxsus idi.
“Sky Gates Airlines” hazırda fəaliyyətsizdir, çünki o, heç bir əlavə təyyarə işlətmir və yenidən uçuşa başlamaq niyyətinin olub-olmadığı bəlli deyil.
“Silk Way West Airlines” şirkətinin hazırda yeddi “Boeing 747 400” təyyarəsi var və beş “Boeing 747-8Fs” təyyarəsini isə sifariş verib.
Xatırladaq ki, "Silk Way Airlines" şirkəti 2001-ci ildə qurulub və marşrut şəbəkəsi dünyanın 130-dan artıq ölkəsini əhatə edir, aviadaşıyıcının təyyarələri isə 70 milyon dəniz mili məsafə qət edərək 600 min tondan çox yük daşıyıb. 2019-cu ildəki restrukturizasiyadan sonra qrup hava yolu yükdaşımaları və təyyarələrə texniki xidmət göstərən "Silk Way Airlines", "Silk Way West Airlines" və "Silk Way Technics" şirkətlərindən ibarətdir.