Cənubi Koreyanın paytaxtı Seulda Qazaxıstanın multimodal logistika operatoru olan “KTZ Express” şirkəti və Çinin ən böyük şirkətləri – “China Railway Container Transport Co.” (CRCT) və “Lianyungang Port Group” (LPG) arasında Çindən tranzit daşıma məsələləri müzakirə olunub.
“Report” xəbər verir ki, bu barədə “KTZ Express” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Seulda keçirilən işçi görüş Çinin CRCT və LPG şirkətləri tərəfindən təşkil olunub. Bu görüşün əsas məqsədi dəmir yolu daşımaları prosesinin optimallaşdırılması, eləcə də Çindən tranzit daşımaların inkişafı məsələlərini müzakirə etmək olub”, - məlumatda qeyd edilib.
Bildirilib ki, “KTZ Express”in baş direktorunun logistika üzrə müavini Aybek Kapar görüş iştirakçılarını yüklərin Qazaxıstan ərazisindən tranzitinin mövcud imkanları ilə tanış edib: “O, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşıma şərtlərinə xüsusi diqqət yetirib”.
Görüşün nəticəsi olaraq Cənubi Koreyadan Mərkəzi Asiya ölkələrinə avtomobil ehtiyat hissələrinin tranzit daşınmasının həyata keçirilməsinə dair razılıq əldə olunub.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.