Sərnişinlər Novruz bayramını Ağdamda qeyd ediblər

Sərnişinlər Novruz bayramını Ağdamda qeyd ediblər Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysi həyata keçiri
İnfrastruktur
123
19 Mart , 2022 15:39
Sərnişinlər Novruz bayramını Ağdamda qeyd ediblər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysi həyata keçirib.

“Report”un məlumatına görə, yanvarın 24-dən indiyədək Şuşa və Ağdam istiqaməti üzrə ümumilikdə 3 196 sərnişin səfər edib. Vətəndaşların öz doğma torpaqlarına gediş-gəlişi uğurla təmin olunub.

Marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb.

Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.

Bugünkü səfər sərnişinlər üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki onlar 30 il Novruz tonqallarına həsrət qalmış Ağdam rayonuna bayram etməyə gedirdilər.

Sərnişinlərin yol boyu müşahidə etdiyi mənzərələr bunlar idi: dağıdılmış evlər, məhv edilmiş infrastruktur, minalanmış ərazilər.

Ağdamın talan edilməsi, xalqımızın tarixi, mədəni irsini yer üzündən silmək cəhdi, evlərə, abidələrə, hətta qəbirlərə, məscidlərə qarşı törədilmiş terror erməni vəhşiliyinin sərhəd tanımadığını bir daha nümayiş etdirir.

Düşmən nə qədər çalışsa da, hər qarışı tarix olan Ağdamda Azərbaycan ruhunu məhv edə bilməyib. Hazırda bu ərazilərdə quruculuq işləri gedir.

Bu gün Ağdam sərnişinləri bayram ab-havasında qarşıladı. Alovlanan tonqal hər kəsə qürur və sevinc hissləri yaşatdı. Nəhayət, xalqımızın Novruz bayramını Qarabağda qeyd etmək arzusu reallaşdı.

Ənənəyə görə, bu bayramda hər kəs öz evində olmalı, Novruzu doğma ocağında qeyd etməlidir. Xalq içində deyərlər: “Əgər Novruzun ilk günü öz evində olmasan, yeddi il evinə həsrət qalacaqsan”. Biz də Novruzu evimizdə – Qarabağda, Ağdamda qeyd etdik. Tezliklə Qarabağın sakinləri öz doğma ata-baba yurdlarına qayıdacaq və əbədi olaraq bu torpaqlarda yaşayacaqlar.

Son xəbərlər

Orphus sistemi