Milli Aviasiya Akademiyasının nəzdindəki Pilotların Hazırlığı Mərkəzində 44 günlük Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri üçün ekskursiya keçirilib.
"Report" bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) istinadən xəbər verir.
20 şəhid övladının iştirak etdiyi ekskursiya çərçivəsində qonaqlar AZAL pilotlarının uçuşlara hazırlıq prosesi ilə əyani tanış olublar.
Tədbir Azərbaycanın milli aviadaşıyıcısı AZAL və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. Görüş şəhid övladları və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili və cəmiyyətə inteqrasiyası məqsədini daşıyırdı.
Ekskursiya zamanı İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladlarına və ailə üzvlərinə Pilotların Hazırlıq Mərkəzinin imkanları barədə ətraflı məlumat verilib. İştirakçılar uçuş simulyatorları ilə yaxından tanış olublar, AZAL pilotlarının trenajorlarda hazırlıq keçmə prosesini izləyiblər və təyyarədə uçuşların necə reallaşdığını sınaqdan keçiriblər.
Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Mərkəz Nəzəri və Praktiki Hazırlıq şöbələrindən ibarətdir. Burada “Airbus A319/320”, “Boeing 757/767”, ATR-42/72, “Embraer 190”, “Cessna 172S” kimi təyyarələr, həmçinin Mi-8AMT helikopterləri üçün uçuş simulyatorları mövcuddur.