Bakı. 30 dekabr. REPORT.AZ/ Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik haqqında qanun layihəsinə əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğunluğu tələbinin müddəti uzadılıb.
"Report"un verdiyi xəbərə görə, qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib.
Mövcud sənədə əsasən, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi üçün tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa, yəni, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olması Məcəllənin qüvvəyə mindiyi gündən 4 il sonra qüvvəyə minməli idisə, dəyişikliklə 4 il 5 illə əvəz edilib.
11.1-ci maddədə deyilir ki, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir:
11.1.1. layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda;
11.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsi 1 yanvar 2013-cü ildə qüvvəyə minib.