Şəhərdə piyada keçidləri tikilərkən hansı tələblər nəzərə alınmalıdır?

Şəhərdə piyada keçidləri tikilərkən hansı tələblər nəzərə alınmalıdır? Bu gün mütərəqqi ölkələrdə piyadayönümlülük artırılır və müxtəlif səviyyəli, yəni yeraltı və yerüstü keçidlərin şəhər daxilində tikilməsinə yol verilmir.
İnfrastruktur
29 Mart , 2023 14:34
Şəhərdə piyada keçidləri tikilərkən hansı tələblər nəzərə alınmalıdır?

Bu gün mütərəqqi ölkələrdə piyadayönümlülük artırılır və müxtəlif səviyyəli, yəni yeraltı və yerüstü keçidlərin şəhər daxilində tikilməsinə yol verilmir.

Bunu “Report”a açıqlamasında Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində piyada keçidinin sökülməsini şərh edən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, belə ölkələrdə hətta tikilmiş keçidlər sökülür: “Səbəb odur ki, belə infrastruktur şəhərdəki az mobilli insanlar, yəni yaşlılar, uşaqlı valideynlər, fiziki əngəlli insanlar üçün əlverişsizdir. Şəhərdə əsas hərəkət iştirakçısı piyadalardır. Avtomobil idarə edən şəxs də onu tərk etdiyi zaman piyada olur. Ona görə də sürət həddi aşağı olmalıdır. Əgər 15-20 metr məsafəni düz getmək mümkündürsə niyə piyada keçidi olmalıdır?! Hesab edirəm ki, bizdə də şəhərlərimizin piyadayönümlülüyü artırılmalıdır. Bu isə öz növbəsində səkilərin daha geniş olmasına, həmin səkinin bir hissəsində mikromobillik vasitələri olan velosipedlərin, skuterlərin hərəkətinə imkan yaradacaq. Bunlar da alternativ nəqliyyat növüdür. Digər tərəfdən küçələrdə piyadalarn hərəkətinin artması biznes subyektlərinin işinə müsbət təsir göstərəcək. Nəticədə yeni iş yerləri yaranacaq, dövlət büdcəsinə daxilolmalar da artacaq".

"Sual oluna bilər - müxtəlif səviyyəli keçidlər tikilməlidir, yoxsa yox?! Təbii ki, tikilməlidir. Amma onlar şəhər ətrafı sürətli yollarımızda inşa edilməlidir. Məsələn, Zığ yolu, Bakı dairəvi yolu, Lökbatan dairəsi, Biləcəri dairəsi, Aeroport yolu və s. Keçən il Buzovnada, bu il isə Qala döngəsində müxtəlif səviyyəli keçidlər istifadəyə verildi. Bu keçidlərdə pandusların quraşdırılması müsbətə doğru addım idi. Şəhərin özündə də müsbət nümunələr var. Məsələn, Mərkəzi parkda istənilən hərəkət iştirakçısının heç bir kəsin köməyi olmadan pilləkənsiz eyni səviyyədə qalxması və hərəkəti təmin olunub. Belə tikililərə şəhərdə ehtiyac var. Paytaxtın bir sıra küçələrində nümunəvi keçidlər quraşdırılıb. Hesab edirəm ki, şəhər daxilində keçid düyməli svetoforlar quraşdırılmış eyni səviyyəli piyada zolaqları (zebralar) vasitəsi ilə həyata keçirilsə müsbət nəticə almaq olar. Artıq paytaxtımızın Zivər Əhmədbəyov və başqa bir sıra küçələrində oxşar təcrübələr sınanıb. Bu, bütün hərəkət iştirakçıları üçün rahatdır. Belə ki, piyadalar da uzaq məsafə qət etmədən mənzilbaşına çata bilər", - deyə R.Ağamirzəyev qeyd edib.

Bundan başqa, ekspertin sözlərinə görə, Azərbaycandakı keçidlərdə eskalatorlar, liftlər tez-tez xarab olur: "Bu səbəbdən ümumiyyətlə müxtəlif səviyyəli keçidlərin şəhər daxilində istifadəsi effektiv deyil. Bir faktı da nəzərə almaq lazımdır ki, qəzaların əksəriyyəti həmin keçidlərin düz yanında baş verir. Beynəlxalq təcrübə də göstərir ki, insanlar daha qısa yolu seçir. Bunu insanın məsuliyyətsizliyi kimi qələmə vermək olmaz. Hər insan birinci rahatlığını fikirləşir. Əgər biri qocadırsa onu yeraltı yaxud yerüstü keçiddən istifadəyə məcbur etmək olmaz.

Məncə ona görə də biz yanaşmamızda ciddi bir dəyişiklik etməliyik və anlamalıyıq ki, şəhərin daxilində sürətli hərəkət olmamalıdır. Küçə-yol şəbəkəmiz buna uyğun təkmilləşdirilməlidir, transformasiya edilməlidir. Artıq şəhərimizdə bunun nümunəsi də var. Məsələn, Həsən Əliyev və Süleyman Rüstəm küçələrinin kəsişməsində, həmçinin Ağa Neymətulla küçəsində təhlükəsizlik adacıqları və sayrışan işıqlar quraşdırılıb. Hansı ki, belə tədbirlər 2 və daha artıq hərəkət zolaqları olan yollarda görülür. Belə olan halda artıq sürücü də yolun daralması ilə bağlı xəbərdar olur və sürəti məcburən azaldır. Sərnişin isə həmin hissədə hərəkətdə olanda digər tərəfə yetişməsə, həmin adacıqda özünü təhlükəsiz hiss edir. Yəni bizim bu yanaşmamızı bütün küçə və prospektlərə tətbiq etmək lazımdır və onda tam rahatlıq olacaq. Sürücülər də bunu anlayışla qarşılasınlar. Çünki əsas insan həyatıdır, ondan dəyərli heç nə ola bilməz. Azərbaycan insanı yollarda ölməməlidir.

"2019-2023-cü illər üzrə dövlət proqramında qarşıya qoyulmuş hədəf var idi. Başlanğıc ilində yollarda 821 nəfər həlak olmuşdu və bunu 30 % azaltmaq hədəf qoyulmuşdu. Amma tam əksini gördük, yəni ölüm sayı artıb. Çünki dövlət proqramında nəzərdə tutulmuş bir çox bəndlər icra olunmadı. Bu da pandemiya və bir sıra müxtəlif səbəblərdən oldu”, - deyə R.Ağamirzəyev fikrini tamamlayıb.

Yasin Mustafayev
Yasin Mustafayev

Nəqliyyat üzrə digər ekspert Yasin Mustafayev isə bildirir ki, yollarda yerüstü və yeraltı keçidlərin quraşdırılması standartlar əsasında nizamlanmalıdır: "Məsələn, keçidlərin hündürlüyü ilə bağlı minimum qabarit var. Azərbaycanda bu, 4,5 metrdir. Yəni minimum bu qədər məsafə olmalıdır ki, iri qabaritli avtomobillərin də hərəkətinə şərait yaradılsın. Amma belə keçidlərdə əlillərin, xəstələrin, uşaqlı valideynlərin keçməsi üçün eskalator və liftlərin quraşdırılmasına ehtiyac var. Bu isə maliyyəyə bağlıdır. Əslində müəyyən konvensiyalarda həmin xüsusi kateqoriyadan olan şəxslərin hüquqlarını qorumaq məqsədi ilə bu tələblər var və ölkəmiz də bu konvensiyalara qoşulub. Amma harada quraşdırılıb-quraşdırılmaması məsələsi perspektiv planda nəzərdə tutulur. Elə yerlər var ki, orada quraşdırılması vacibdir. Ola bilər ki, bəzi yerlərdə hazırda belə eskalator və liftlər quraşdırılmayıb, amma perspektivdə gələcək üçün onun quraşdırılması nəzərdə tutulur. Amma istənilən halda müxtəlif səviyyəli keçidlər ölkə vətəndaşlarının və şəhərimizin qonaqlarının hamısının rahatlıqla istifadə etməsi üçün əlverişli olmalıdır”.

Ekspert hesab edir ki, son illər piyadaların yol hərəkətinin təşkilində rolu nəzərə alınmağa başlayıb: “Əgər əvvəlki dövrlərlə indini müqayisə etsək görərik ki, son illər piyadalara fərqli münasibət sərgilənməyə başlanıb. Etiraf etməliyik ki, bundan əvvəl piyadaların yol hərəkətində təşkili çox ciddi şəkildə nəzərə alınmırdı. Amma son dövrlər əks münasibət görməyə başlamışıq. Keçidlər layihələndirilərkən Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsi ona rəy və təkliflərini verir. Bu zaman həmçinin xüsusi kateqoriyadan olan şəxslərin istifadəsini asanlaşdıran vasitələrin quraşdırılması tələbi irəli sürülür. Amma bu tələbə riayət olunub-olunmaması tikintiyə nəzarət edən qurumun səlahiyyətindədir”

Son xəbərlər

Orphus sistemi