"Azərbaycan Çin ilə ikitərəfli əməkdaşlıq münasibətlərini inkişaf etdirməklə yanaşı, "Şanxay Əməkdaşlıq Təşkilatı" (ŞƏT) ilə də əlaqələrini genişləndirməyə çalışır və bu ailənin fəal üzvüdür".
"Report" Azərbaycan Çindəki Səfirliyinə istinadən xəbər verir ki, bunu səfir Əkrəm Zeynallı ötən gün Çinin Şandon əyalətinin Çindao şəhərinin Cyacou qəsəbəsində yerləşən Çin-ŞƏT Nümayiş Zonasından Çin-Avropa marşrutu üzrə Azərbaycana 100 konteynerdən ibarət yük qatarının yola salınma mərasimində deyib.
Tədbirdə bildirilib ki, bu, “Çilu” adlandırılan yük qatarı xətti üzrə Cyacou-Bakı ekspress dəmiryolu marşrutunun rəsmi açılışı deməkdir. Avtomobil şini, kondisioner və digər məhsullardan ibarət konteynerlər daşıyan yük qatarı multimodal nəqliyyat daşıması ilə Azərbaycanın Ələt limanına, oradan isə dəmiryol xətti ilə Bakı şəhərinə çatdırılacaq. Bakı şəhərindən isə yüklər Türkiyə, Gürcüstan, Rumıniya, İtaliya və digər ölkələrə paylanılacaqdır.
Çindao şəhərinin və Çin-ŞƏT Nümayiş Zonasının rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan səfiri video formatda çıxış edib, tədbir iştirakçılarını təbrik edib və qatarın yola salınmasını iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edən iqtisadi əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini vurğulayıb. Azərbaycanın Çin ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini və bu çərçivədə mövcud əməkdaşlıq platformalarına fəal qoşulduğunu qeyd edən Ə.Zeynallı Çin sədri Si Cinpinin irəli sürdüyü “Bir Kəmər, Bir Yol Təşəbbüsü”nü də ilk dəstəkləyən ölkələrdən olduğunu vurğulayıb. Səfir eyni zamanda qeyd edib ki, Azərbaycan-ŞƏT əməkdaşlığı çərçivəsində ölkəmiz təşkilat tərəfindən irəli sürülən layihələrdə fəallıq göstərməklə yanaşı, ikitərəfli formatda da təşkilatın hər bir üzvü, o cümlədən Çinlə əməkdaşlığını uğurla inkişaf etdirir. Çin-ŞƏT Nümayiş Zonasından Azərbaycana ilk yük qatarının yola salınması bu cür fəal əməkdaşlığın bariz nümunəsidir.
Çin-ŞƏT Nümayiş Zonasının istifadəyə verilməsi təşəbbüsünü 2018-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçılarının Çindao Sammitində S.Cinpin irəli sürüb. Bu təşəbbüsün əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrini daha da yaxınlaşdırmaq və onlar arasında əməkdaşlığı gücləndirmək olub.