Saleh Məmmədov: “Ulu Öndər Heydər Əliyev yol təsərrüfatının fəaliyyətində tənəzzülə son qoyub”
- 12 aprel, 2023
- 11:25
“Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfransda deyib.
S. Məmmədov “Azərbaycan yollarının inkişaf və zəfər salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda çıxışı zamanı müstəqil dövlətimizin banisi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhfələr, əsasını qoyduğu irimiqyaslı layihələr barədə danışaraq deyib: “Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu.
Həmin islahatların nəticəsidir ki, bu gün ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər baş verib. Yol infrastrukturu üzrə mühüm layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib”.
AYYDA sədri Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın dayandığını diqqətə çatdırıb.
O, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu mükəmməl strategiyanın və uğurlu xarici və daxili siyasətin müasir dövrün reallıqlarına uyğun olaraq qətiyyətlə və ardıcıllıqla gerçəkləşdirildiyini vurğulayıb.