Şuşaya çəkilən yeni avtomobil yolu ödənişli olacaq.
“Report” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə bildirib.
"Əhmədbəyli-Füzuli-Şuşa yolu indiki Zəfər yolundan 20 km qısadır. Belə ki, hal-hazırda Zəfər yolu bu gün üçün 101,5 km təşkil edir. Yeni istifadəyə veriləcək yol isə 81,2 km-dir. Həmin yol dörd cərgəli olmaqla tam təhlükəsiz olacaq. Hər iki tərəfdən çəpərlənəcək", - S.Məmmədov bildirib.
Onun sözlərinə görə, Şuşa qoruq şəhəri və mədəniyyət mərkəzi olduğu üçün AAYDA-nın hesablamalarına görə ora xarici turistlərin axını böyük ola bilər: "Buna görə yolun ödənişli olması onun gələcəkdə saxlanılması baxımından məqsədə uyğun sayılır",- o deyib.