Rusiyadan Həştərxan limanından İranın Əmirabad limanına hərəkət edən və taxıl yüklənmiş “Omski-117” yük gəmisi Volqa-Xəzər kanalında saya oturub.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə rəhbəri məlumat verib.
“Əməliyyat növbətçisinə Dəniz Xilasetmə Koordinasiya Mərkəzindən məlumat daxil olub ki, kanalın 60,2 kilometrliyində (İkryaninski rayonunun Vaxromeyevo kəndi yaxınlığında) arpa daşıyan "Omski-117” gəmisi sahilə çıxıb", - deyə o, qeyd edib.
Gəmidə 13 nəfər heyət üzvü var. Onlardan xəsarət alan olmayıb. Gəmiçilər 10 günlük qida və su ehtiyatına malikdir.
Hadisə ilə bağlı gəmilərin hərəkəti üçün keçid bağlanmayıb. “Ural” və “OT-2080” yedək gəmiləri hadisə yerinə yollanıb.