Roman Vasilenko: “Orta Dəhlizin yeni şəraitdə və şərtlərdə canlanması üçün danışıqlar gedir”

Roman Vasilenko: “Orta Dəhlizin yeni şəraitdə və şərtlərdə canlanması üçün danışıqlar gedir” Qazaxıstan və Azərbaycan transregional əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayan Orta Dəhlizdə iştirak edən əsas ölkələrdir.
İnfrastruktur
5 Sentyabr , 2023 15:45
Roman Vasilenko: “Orta Dəhlizin yeni şəraitdə və şərtlərdə canlanması üçün danışıqlar gedir”

Qazaxıstan və Azərbaycan transregional əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayan Orta Dəhlizdə iştirak edən əsas ölkələrdir.

Bunu “Report”a açıqlamasında Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

"Sahillərimizi bu marşrutun mərkəzi olan Xəzər dənizi yuyur. Orta Dəhlizin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu adlandırılması da təsadüfi deyil. Bu marşrut dünən yaranmayıb, o, Avropa ilə Asiyanı birləşdirən, əsrlər boyu mövcud olmuş Böyük İpək Yolunun marşrutunu təkrarlayır”, - nazir müavini bildirib.

R.Vasilenko əlavə edib ki, indi bu marşrutun yeni şəraitdə və şərtlərdə canlanması istiqamətində danışıqlar gedir.

Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr fonunda bu marşruta ehtiyac artıb: "Bununla əlaqədar olaraq, layihə iştirakçıları Orta Dəhlizin inkişafı və bu magistralın dar hissələrində ötürücülük qabiliyyətinin artırılması üzərində işləri davam etdirirlər. Keçən ildən etibarən bu marşrutun 4 təməl ölkəsi kimi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə bu məsələnin həlli istiqamətində çox intensiv işləyir. Artıq bu dörd ölkənin xarici işlər və nəqliyyat və kommunikasiya nazirləri səviyyəsində iki görüş baş tutub, yol xəritəsi hazırlanıb. Bu il avqustun 12-13-də Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev Bakıda səfərdə olub və yol xəritəsinin işlənməsi məqsədi ilə onun yenilənmiş variantını azərbaycanlı tərəfdaşlarımıza təqdim edib. Bir ilə yaxındır ki, yol xəritəsinin tətbiqi təcrübəsini nəzərə alaraq, bu əməkdaşlığın inkişafı üçün əlavə addımlar atmağa başlanılıb”.

O xatırladıb ki, Qazaxıstanın Baş nazirinin Bakıya səfəri zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün yük axınlarının və tariflərinin əlaqələndirilməsinə imkan verəcək logistika şirkətinin yaradılması haqqında və həmçinin bu marşrut üzrə bu tariflərin davamlılığını təmin etmək üçün sənəd imzalanıb: "Bu, çox vacib addımdır, çünki bu sənəd yükgöndərənlərə Qazaxıstanın bütün ərazisində, Xəzər vasitəsilə Azərbaycana və Gürcüstana daşımalara cavabdeh olacaq bir təşkilatla işləmək imkanı verəcək. İndi tərəflər bərabər şərtlərlə belə bir şirkətin yaradılması üzərində işləyirlər, yəni üç ölkənin dəmir yolu şirkətləri və ya dəmir yolu idarələri bərabər şərtlərlə belə bir struktur yaradacaqlar".

R.Vasilenko əlavə edib ki, Orta Dəhliz üzrə ticarət dövriyyəsi artıb. Belə ki, bu ilin ilk 6 ayında bu marşrut üzrə çatdırılmalar ötən ilin birinci yarısı ilə müqayisədə 77 % artıb.

Son xəbərlər

Orphus sistemi