Rəşad Nəbiyev: "Orta Dəhlizin uğurları nəqliyyat-logistika sahəsində dəyişikliklərə səbəb olacaq"
- 16 noyabr, 2023
- 07:25
Orta Dəhliz sabitliyin simvolu kimi iştirak edir, buradakı uğurlar gələcəkdə nəqliyyat və logistika sahəsində dəyişikliklərə səbəb olacaq.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
"Avropa tərəfdaşlarımız Orta Dəhlizə önəm verirlər. Biz düşünürdük ki, ənənəvi dəhlizlərlə Şərqdən Qərbə və Qərbdən Şərqə yüklərin daşınması kifayətdir, lakin geosiyasi məsələlərlə bağlı son iki ildə Orta Dəhlizin əhəmiyyəti artıb", - deyə o qeyd edib.
Nazir xatırladıb ki, dəhlizə üzv ölkələrlə birlikdə Yol Xəritəsi hazırlanıb: "Bu, çox mükəmməl bir sənəddir və burda digər tərəflərin məsuliyyətləri də müəyyən edilir. Biz birlikdə işləyərək xəritənin icrasına başladıq və bir sıra məsələləri sinxronlaşdırdıq. Eyni vaxtda bir sıra əməliyyatları və fəaliyyətləri həyata keçirdik", - deyə o əlavə edib.
"Bugünkü konfrans çox mühümdür. Burada çox əhəmiyyətli məsələlərin müzakirəsi aparılacaq. Tədbirdə akademik dairələrdən, özəl sektordan nümayəndələr iştirak edirlər", - deyə nazir fikrini tamamlayıb.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbirin məqsədi trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkil edilməsi, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.
“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda konfransa müxtəlif ölkələrdən 150-yə yaxın elmi məqalə təqdim olunub. Hazırda məqalələrin İqtisadiyyat İnstitutu tərəfindən ekspert qiymətləndirməsi həyata keçirilir və seçilən məqalələrin toplu halında nəşr olunması nəzərdə tutulur.
Tədbirdə 15 ölkə, 8 beynəlxalq təşkilat və beynəlxalq maliyyə institutundan 200-dən çox nümayəndə iştirak edib.