Azərbaycanda sərnişindaşıma sahəsində yeni dayanıqlı maliyyə modeli hazırlanıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib.
O bildirib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin yüksək standartlara çatdırılması və avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. "Sərnişindaşıma sahəsində hazırkı vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların yenilənməsinə ciddi ehtiyac var".
Nazir müavini qeyd edib ki, ictimai nəqliyyat hər nə qədər sosial ağırlıqlı bir sahə olsa da, burada iqtisadi maraqlar da qorunmalıdır: “Proseslər zəncirvari olaraq bir biri ilə əlaqəlidir. Sahəvi nazirlik olaraq biz dayanıqlı ictimai nəqliyyat xidmətlərinin təmin edilməsi üçün dövlət dəstəyi mexanizminin yaradılması üzərində çalışırıq. Bu məqsədilə tərəfimizdən yeni dayanıqlı maliyyə modeli hazırlanıb və növbəti ildən tətbiqinə başlanılacaq".