Bakı. 10 aprel. REPORT.AZ/ "Son üç il ərzində Gəmiçiliyin donanmasına 15 gəmi alınaraq istismara verilib. Bu işlərə Gəmiçiliyin daxili imkanları hesabına 139 milyon ABŞ dolları investisiya yatırılıb".
"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev deyib.
O, bildirib ki, gəmiçiliyin fəaliyyət sahələrinin şaxələndirilməsi və bir bazardan asılılığının azaldılması ilə əlaqədar dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Xəzərdən kənar beynəlxalq sularda fəaliyyətini bərpa edib: "Hazırda Xəzərdən kənarda Azərbaycan bayrağı altında 10 gəmi fəaliyyət göstərir. Onu da deyim ki, 2016-cı ildə Gəmiçiliyin quru yük daşımalarının 34 faizini Xəzərdə, 66 faizini isə Xəzərdən kənar beynəlxalq sularda daşımalar təşkil edib. Bu da xaricdən ölkəyə əlavə valyutanın gətirilməsinə imkan verir".
O, qeyd edib ki, son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə əlaqədar Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün donanmamızın davamlı olaraq yenilənməsi çox vacibdir: "Bu baxımdan, 2010-cu ildə təməlqoyma mərasimində, 2013-cü ildə açılışında şəxsən iştirak etdiyiniz Bakı gəmiqayırma zavodu böyük əhəmiyyət kəsb edir. Bu zavod tərəfindən Gəmiçilik üçün indiyədək dörd gəmi tikilərək istifadəyə verilib. Bu yaxınlarda daha dörd gəminin-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş verilib. Bundan əlavə, Sizin tapşırığınıza uyğun olaraq, Qazaxıstanın və digər Xəzəryanı ölkələrin aidiyyəti qurumları tərəfindən Bakı gəmiqayırma zavodunda gəmi tikintisi sifarişlərinin yerləşdirilməsi, eyni zamanda, Xəzər Dəniz Gəmiçiliyi ilə birgə sifarişlərin yerləşdirilməsi istiqamətində iş aparılır.
Hazırda Bakı gəmiqayırma zavodunda təkcə Xəzərdə deyil, dünya miqyasında təyinatına görə nadir gəmi sayılan və Sizin tərəfinizdən “Xankəndi” adı verilən gəmi inşa edilir. Cari ilin ortalarında istifadəyə verilməsi planlaşdırılan bu çoxtəyinatlı sualtı tikinti gəmisi Xəzərdə müxtəlif mürəkkəb layihələrin, o cümlədən “Şahdəniz” layihəsinin yerinə yetirilməsində mühüm rol oynayacaq.
Gəmiçiliyin əsas fəaliyyəti liman infrastrukturu ilə sıx əlaqəli olduğundan, Xəzərdə ən böyük və müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və orada azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edir".
R. Vəliyev qeyd edib ki, 2015-ci ilin sonunda yaranmış vəziyyətlə əlaqədar, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurası və aidiyyəti qurumlar, eləcə də Gəmiçilik tərəfindən Türkiyəyə məxsus TIR-ların Xəzər üzərindən daşınması üçün əlverişli şərait yaradılıb: "Hazırda, alternativ Şimal marşrutunda qoyulan məhdudiyyətlərin getdikcə aradan qalxmasına baxmayaraq, onlar yenə də Xəzər üzərindən olan marşrutdan istifadə etməyə davam edirlər. Bu, Azərbaycan üzərindən keçən marşrutun tranzit cəlbediciliyinə, onun etibarlı, risksiz və stabil marşrut olmasına bariz nümunədir".
Dünyada davam edən iqtisadi böhran, o cümlədən ümumi ticarət dövriyyəsinin kəskin azalması ilə əlaqədar gəmiçilik sahəsində yaranan ciddi problemlərə baxmayaraq, Azərbaaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan üzərindən tranzit yükdaşımalarda, eləcə də Gəmiçiliyin fəaliyyətində müsbət nəticələr əldə olunub: "Belə ki, son üç il ərzində Gəmiçiliyin gəlirləri, xalis mənfəəti, dövlət büdcəsinə müxtəlif formada ödənişlər davamlı olaraq ilbəil artım dinamikası ilə inkişaf edir. Gəmiçiliyin 2016-cı il üçün mənfəəti 2015-ci il ilə müqayisədə iki dəfə artıb. Təkcə 2016-cı il ərzində Gəmiçiliyin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna ödənişləri, ümumilikdə, 100 milyon manata yaxın məbləğ təşkil edib.
Hazırda Gəmiçiliyin dövlət zəmanəti ilə xarici banklardan alınmış kreditləri, müddəti keçmiş və ya ödənilməmiş kredit öhdəlikləri yoxdur. Növbəti 5 il ərzində mövcud kreditlər və onların faizləri üzrə öhdəliklər Gəmiçiliyin illik gəlirinin yalnız 1,5 faizini təşkil edir.
Yükdaşıma göstəricilərinə gəldikdə, Gəmiçiliyin ayrı-ayrı yükdaşıma növlərində artım müşahidə olunur. 2015-ci illə müqayisədə 2016-cı ildə Gəmiçilik tərəfindən daşınan vaqonların miqdarında 18 faiz, avtotexnikanın sayında ümumilikdə 2,8 dəfə, o cümlədən Qazaxıstan istiqamətində isə 8 dəfəyə yaxın artım qeydə alınıb.
2017-ci ilin birinci rübündə də eyni artım tendensiyası müşahidə edilib. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə tankerlərlə 70 faizdən, quru yük gəmiləri ilə isə 8 faizdən çox yük daşınıb. Eyni zamanda daşınan vaqonların miqdarında 35 faiz, avtotexnikanın sayında isə 44 faiz artım olub.
Gəmiçiliyin dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilmiş və 2010-cu ildə istifadəyə verilmiş “Zığ quru yük limanı”ndan 2016-cı ildə 100 min tona yaxın quru yük, o cümlədən 3 min ədəd TIR, 2017-ci ilin birinci rübündə isə 49 min ton quru yük, o cümlədən 1600 ədəd TIR daşınıb".