Azərbaycanda qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb, bu səlahiyyət “Azəristiliktəchizat” ASC-ə həvalə olunub.
"Report" Tarif (qiymət) Şurasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli qərarı ilə istilik təchizatı xidmətlərinin qiymətlərini tənzimləyən qurumlar müəyyənləşdirilib. Bununla əlaqədar, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli Qərarda dəyişiklik edilib.
Sözügedən Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.
Tarif Şurası istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tariflərini müəyyən edir. Yeni istilik mövsümundə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.
Qərara əsasən qeyri-əhali istehlakçıları üçün istilik təchizatı xidmətlərinə görə hesablaşmalar “Azəristiliktəchizat” ilə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcəkdir.
Qeyri-əhali istehlakçıları “Azəristiliktəchizat”ın ümumi abonentlərinin 1,67% -ni, istilik təchizatı üzrə satışının isə 16 %-ni təşkil edir.