“Qazaxıstan Dəmir Yolları”nın törəmə şirkəti olan “KTZ Express” və Sinqapurun “Global DTC Pte Ltd” şirkəti Orta Dəhliz üzrə Çindən Avropa İttifaqına tranzit keçən malların rəqəmsal gömrük rəsmiləşdirilməsi üzrə əməkdaşlıq etmək barədə razılığa gəlib.
“Report” bu barədə “Global DTC”yə istinadən xəbər verir.
Bu iki şirkət arasında rəqəmsal dəhlizin işə salınması haqqında bəyannamə bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Qazaxıstan-Sinqapur Biznes Forumu zamanı imzalanıb.
Məlumatda qeyd olunub ki, bu gün “KTZ Express” və “Global DTC Pte Ltd” birgə “Rəqəmsal dəhliz” təşəbbüsünü işə salıb: “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Asiya və Avropa arasında multimodal daşımaların inkişafına yönəlmiş bu əməkdaşlıq Qazaxıstanda vahid rəqəmsal ekosistemin başlanğıcını göstərir”.
Bildirilib ki, bu layihəyə “Tez Custom” platformasından istifadə etməklə Çindən Avropa ölkələrinə dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin elektron tranziti üçün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi daxildir.
Bu layihə ilə Qazaxıstan qanunvericiliyinə uyğun olaraq rəqəmsal platformanın fasiləsiz və səmərəli fəaliyyətini təmin etmək nəzərdə tutulur.