Prezident: “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açır"

Prezident: “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açır" İndiyə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollar investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir.
İnfrastruktur
26 Aprel , 2019 17:07
Prezident: “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açır

İndiyə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollar investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin paytaxtı Pekində keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda bildirib.

“Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır”, - deyə o qeyd edib.

“Nəqliyyat infrastrukturundan danışarkən hava nəqliyyatına qoyulan investisiyaları əlavə etmək istəyirəm. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb.

2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O eyni zamanda qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır”, - deyə dövlət başçısı əlavə edib.

“Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də müasir infrastrukturun yaradılmasına yatırdığımız investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına və bizim dost, tərəfdaş və qonşularımıza xidmət göstərməyimizə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkan yaradır və xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh və sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib”, - deyə Prezident vurğulayıb.

“Ötən il istifadəyə verilmiş Lapis-Lazuli marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb. Bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən və nisbətən yaxın vaxtlarda tikilmiş gəmiqayırma zavodu istənilən növ gəmini inşa edə bilər. Ötən il biz 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verdik. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacaq. Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik.

Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”, -deyə İ.Əliyev qeyd edib. 

Son xəbərlər

Orphus sistemi