Peter Mixalko: "Orta Dəhlizlə yük axınında artım növbəti illərdə də olacaq"

Peter Mixalko: "Orta Dəhlizlə yük axınında artım növbəti illərdə də olacaq" Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yük axınında əhəmiyyətli artım müşahidə edilir və bu tendensiya növbəti illərdə də davam edəcək.
İnfrastruktur
2 Dekabr , 2022 15:24
Peter Mixalko: Orta Dəhlizlə yük axınında artım növbəti illərdə də olacaq

Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yük axınında əhəmiyyətli artım müşahidə edilir və bu tendensiya növbəti illərdə də davam edəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko "Bakı limanının əməliyyat imkanlarının təkmilləşdirilməsinə və “Yaşıl Liman” konsepsiyasının həyata keçirilməsinə dəstək" layihəsinin açılış mərasimində bildirib.

"Azərbaycanın tərəfdaşı olan Aİ böyük bir bazardır. Burada 450 milyon istehlakçı yaşayır. Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır, bu bağlantıdan yararlanaraq tranzit potensialını gücləndirə, bu istiqamətdə xidmətlərini inkişaf etdirə bilər", - deyə o qeyd edib.

P. Mixalko hesab edir ki, qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə səbəb olacaq: "Aİ və Azərbaycan dünyada mövcud olan yüksək standartlar əsasında birlikdə çalışır. Bu, bizim əsas hədəfimiz, məqsədimizdir. Aİ olaraq biz "yaşıl əlaqə"ni dəstəkləyirik və bu gün başladığımız layihə bunu sübut edir".

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) ötürücülük qabiliyyətini 2025-ci ilə qədər ildə 10 milyon tona çatdırmağı planlaşdırır.

Bu ilin 10 ayı ərzində TBNM vasitəsilə Aktau və Kurık dəniz limanları vasitəsilə, təxminən, 1,5 milyon ton yük daşınıb. Bu da ötən illə müqayisədə 2 dəfə çoxdur.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2020-ci ilin dekabr ayından Türkiyədən TBNM ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma 2021-ci ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi