Ötən il Naxçıvan Muxtar Respublika üzrə 7 576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.
“Report”un Muxtar Respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, ötən il ərzində Naxçıvan şəhəri üzrə 3 205, Şərur rayonu üzrə 1 592, Babək rayonu üzrə 1 110, Ordubad rayonu üzrə 486, Culfa rayonu üzrə 471, Şahbuz rayonu üzrə 324, Kəngərli rayonu üzrə 269, Sədərək rayonu üzrə 119, ümumilikdə muxtar respublika üzrə 7 576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bunun 2 398 ilkin, 5 178 təkrar qeydiyyatdır.
Qeydiyyata alınmış daşınmaz əmlak obyektlərindən 2 770-i torpaq sahəsi, 1 573-ü mənzil, 2 983-ü fərdi yaşayış evi, 13-ü bağ evi, 104-ü qeyri-yaşayış binası, 107-si qeyri-yaşayış sahəsi və 26-sı əmlak kompleksidir.
Hesabat dövründə daxil olmuş müraciətlər əsasında 2 365 əmlaka dair texniki pasport, 3 341 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 5 706 texniki sənəd tərtib edilib. Bu da 2021-ci illə müqayisədə 0,2 % çoxdur. Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 6 225 arayış verilib.
Ötən il ərzində 87 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 54 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.