2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 803,5 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir edilib.
“Report” xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə bildirib.
“Yenidən qurulmuş və təmir edilmiş yolların 234,3 kilometri respublika əhəmiyyətli, 398 kilometri yerli əhəmiyyətli, 171,2 kilometri isə Bakının yollarıdır",- S. Məmmədov deyib.
Bununla yanaşı, 2022-ci ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsündə AAYDA-ya ayrılmış vəsait hesabına ümumi uzunluğu 2 241,5 kilometr təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam edib, S. Məmmədov bildirib.