Oğuzda kənd yolu bərbad vəziyyətə düşüb: sakinlərin gediş-gəlişi çətinləşib

Oğuzda kənd yolu bərbad vəziyyətə düşüb: sakinlərin gediş-gəlişi çətinləşib Oğuzun Ərmənət kəndinin yol problemi Ərmənət kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkir.
İnfrastruktur
8 Dekabr , 2022 16:37
Oğuzda kənd yolu bərbad vəziyyətə düşüb: sakinlərin gediş-gəlişi çətinləşib

Oğuz rayonunun Ərmənət kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, Ərmənət kəndinə qədər olan 3 km-lik məsafə yararsız vəziyyətdədir. Məhz buna görə də, Xalxal-Ərmənət kənd yolu sakinlərin gediş-gəlişində böyük problemə çevrilib.

Sakinlər Xalxal kəndinə və Qaraməryəm-İsmayıllı-Şəki magistralına tək çıxış olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyünün döşənmədiyini bildiriblər.

Qeyd olunub ki, daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. Bir sözlə, qış aylarında kəndə gəlib-getmək mümkünsüzə çevrilir.

Ərmənət kənd icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, 3 km-lik yola bişməmiş asfalt örtüyü sonuncu dəfə 90-cı illərdə tökülüb.Yolun bərpası ilə bağlı aidiyyəti üzrə məsələ qaldırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 11 saylı Yol İstismar İdarəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, adıçəkilən yolda mütəmadi olaraq təmir-bərpa işləri aparılıb: "Lakin havaların əlverişsiz keçməsi nəticəsində Ərmənət kənd yolunda müəyyən çalalar yaranıb. Bu da nəqliyyat vasitələrinin hərəkətində çətinliklər törətməklə narahatlığa səbəb olur".

İdarədən o da əlavə olunub ki, yolun əsaslı təmiri 2022-2025-ci illərin investisiya layihəsinə salınıb.

Son xəbərlər

Orphus sistemi