Bakı. 8 dekabr. REPORT.AZ/ Naxçıvan MR-nın Dövlət Nəqliyyat Xidməti bu ilin noyabr ayında da əhaliyə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası davam etdirilib, ictimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan, həmçinin yükdaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin texniki cəhətdən saz olmalarına nəzarət artırılıb, ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə əlaqə saxlanılıb, mövcud çatışmazlıqların aradan qaldırılması üçün onlara lazımi köməklik göstərilib.
Şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək üçün tədbirlər görülüb, Xətai məhəlləsində yeni obyektlərin istifadəyə verilməsi ilə əlaqədar 1 nömrəli marşrut xəttinin hərəkət istiqaməti uzadılıb.
Noyabr ayında beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyətinə nəzarət gücləndirilib, Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib. Bu dövrdə İrandan keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1 135, Bakıdan Naxçıvana isə 1 008 sərnişin daşınıb, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 483 taksi sərnişindaşıma fəaliyyətini davam etdirib.